"Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda rəsmi Bakı Qərb institutlarının regiondakı fəaliyyətinə dair öz prinsipial mövqeyini hər zaman ən yüksək səviyyədə bəyan edib. Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra bəzi Avropa strukturlarının nümayiş etdirdiyi qərəzli yanaşma sülh gündəliyinə xidmət etmək əvəzinə, mövcud etimad mühitinə ciddi zərbə vurur. Bu kontekstdə dövlət başçısının son bəyanatı beynəlxalq təşkilatların fəaliyyətindəki "ikili standartlara" qarşı diplomatik etirazın kulminasiya nöqtəsi hesab oluna bilər. Prezident İlham Əliyev İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində Avropa institutlarının Ermənistan-Azərbaycan sülh prosesinə münasibətinə toxunub. Dövlət başçısı bəzi Avropa strukturlarının, xüsusən də Avropa Parlamenti və AŞPA-nın fəaliyyətini sülhə dəstək deyil, prosesi sarsıtmaq cəhdi kimi xarakterizə edib".
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov söyləyib.
Deputat xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və uzun illər qurumla fəal əməkdaşlıq edib. Ölkəmiz 2023-cü ilin sentyabrında öz suverenliyini tam bərpa etdikdən sonra AŞPA-nın münasibəti kəskin şəkildə dəyişib. Dövlət başçısının da qeyd etdiyi kimi BMT-nin 30 il ərzində icra olunmayan qətnamələrini Azərbaycanın müstəqil şəkildə həyata keçirməsi bəzi dairələri qıcıqlandırıb. Nəticədə, 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilib. Bu da "ikili standartların" bariz nümunəsidir".
Parlament üzvü vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında 2021-ci ilin mayından 2026-cı ilin aprelinədək bu strukturun Azərbaycana qarşı təhqir və böhtanla dolu 14 qətnamə qəbul etdiyinə diqqət çəkib: " Dövlət başçısı bildirib ki, Avropa Parlamenti Avropadakı ksenofobiya, islamofobiya və sosial problemləri həll etmək əvəzinə, bütün enerjisini Azərbaycana qarşı qərəzli kampaniyalara sərf edir. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Buna cavab olaraq, Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və "Avronest" Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib. Bu bəyanat Azərbaycanın xarici siyasətində milli maraqların və suverenliyin qorunmasının hər hansı bir beynəlxalq platformada təmsilçilikdən daha üstün tutulduğunu göstərir: "Rəsmi Bakının Avropa Parlamenti ilə əlaqələri dondurmaq qərarı, regionda ədalətli sülh naminə beynəlxalq hüquqa söykənən obyektiv yanaşmanın vacibliyinə dair açıq bir çağırışdır".
Milli Məclis təmsilçisi onu da bildirib ki, Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci sammitindəki çıxışı Azərbaycanın xarici siyasətində milli maraqların və suverenliyin hər hansı bir beynəlxalq platformada təmsilçilikdən daha üstün tutulduğunu bir daha nümayiş etdirdi: "Dövlət başçısının Avropa institutlarına ünvanladığı fikirlər sadəcə bir narazılıq ifadəsi deyil, həm də regionda formalaşmış yeni reallıqların Azərbaycanın öz ərazi bütövlüyünü təkbaşına bərpa etməsinin həzm olunmamasına qarşı verilən diplomatik cavabdır. Bakının Avropa Parlamenti ilə əlaqələri dondurmaq və "Avronest"dən çıxmaq barədə qəti qərarı göstərir ki, Azərbaycan birtərəfli təzyiqləri və "ikili standartları" qəbul etməyən, öz hüquqlarını bərabərhüquqlu tərəfdaşlıq müstəvisində qoruyan güclü aktordur".
Cavanşir Abbaslı
Musavat.com