AZ

Avropa ikincisi olan güləşçi: Finaldakı rəqibimə az fərqlə məğlub oldum

Bakı, 27 aprel, AZƏRTAC

Finaldakı rəqibimə az fərqlə məğlub oldum. Buna təəssüflənirəm, amma şükürlər olsun ki, medalsız qalmadım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanan Turan Bayramov (74 kiloqram) deyib.

İdmançı qeyd edib ki, beş ildən sonra yenidən Avropa çempionatının finalına çıxmağı bacarıb: “Əsas hədəfim çempionluq idi. Bilirsiniz ki, bu çəki dərəcəsində rəqabət çox güclüdür. İnanıram ki, qarşıdakı dövrdə daha çox çalışaraq növbəti dünya çempionatında qızıl medal qazana biləcəyəm”.

Bayramov, həmçinin milli komandanın gücündən də danışıb. Onun sözlərinə görə, Azərbaycan sərbəst güləş yığması kifayət qədər iddialıdır: “Komandamız çox güclüdür. Güləşçilərimizin əksəriyyətinin reytinqdə ilk dördlükdə yer alması bunu sübut edir. Bu uğurun əsas səbəbi isə yarışlara yüksək səviyyədə hazırlaşmağımızdır”.

Qeyd edək ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Seçilən
21
31
azertag.az

10Mənbələr