AZ

Güləş üzrə Avropa çempionu olan millinin baş məşqçisi: Bu nəticə ilə kifayətlənmək fikrində deyilik

Bakı, 27 aprel, AZƏRTAC

Komanda hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxtik və qürur duyuruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xateq Qazyumov Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatı barədə danışarkən deyib.

O, yarışın nəticələrini yüksək qiymətləndirib: “Bu uğur komandamızın birgə əməyinin nəticəsidir. Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə göstərilən diqqət və dəstəyə görə dərin təşəkkürümü bildirirəm”.

X.Qazyumov azarkeşlərin dəstəyini xüsusi vurğulayıb: “Bizi dəstəkləyən, bizim üçün narahat olan və dua edən bütün insanlara böyük minnətdarlığımı bildirirəm. Qələbəmizdə əməyi olan hər kəsə, yəni idmançılara, məşqçilərə, həkim heyətinə və xidmət personalına təşəkkür edirəm. Bu, bizim ümumi qələbəmizdir”.

Baş məşqçi komandanın qarşıdakı hədəflərinə də toxunub: “Biz bu nəticə ilə kifayətlənmək fikrində deyilik. Cəmi bir neçə gün dincəlib mövsümün ən vacib yarışı olan dünya çempionatına ciddi hazırlığa başlayacağıq. Azarkeşləri uğurlarımızla bir daha sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Seçilən
1
33
azertag.az

10Mənbələr