Aprelin 27-də Xəzər Beynəlxalq Universitetində siyasi elmlər professoru Ramiz Yunusun tələbələr və professor-müəllim heyəti qarşısında geniş mühazirəsi keçirilib.
Musavat.com xəbər verir ki, mühazirənin mövzusu “Qlobal geosiyasi proseslər prizmasından Azərbaycan üçün imkanlar və risklər” olub.
Tədbiri giriş sözü ilə universitetin təsisçisi, akademik Hamlet İsaxanlı açıb. O, çıxışında vurğulayıb ki, professor Ramiz Yunus hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, onun diqqət mərkəzində hər zaman Azərbaycan amili dayanıb:
“Ramiz Yunus Amerikada yaşamasına baxmayaraq, vətənə tez-tez gəlir. Onun universitetimizin professoru olması bizim üçün böyük fəxrdir. O, Ukraynaya da çox bağlıdır, demək olar ki, bu ölkə onun üçün üçüncü vətəndir. Tez-tez Ukrayna mediasında çıxış edir. Məhz bu fəaliyyətinə görə də Ukraynanın Siyasi və Hüquq Elmləri Akademiyasının üzvü, akademiki seçilib. Onun diplomu da “Xəzər” Beynəlxalq Universitetində çalışdığı üçün universitetimizə göndərilib ki, biz bunu Ramiz Yunusa təqdim edək. Bu münasibətlə universitetimiz adından onu səmimi qəlbdən təbrik edir, daha böyük uğurlar arzulayırıq”.
Daha sonra Hamlet İsaxanlı Ukrayna akademiyasının diplomunu Ramiz Yunusa təqdim edib.
Professor bu diplomun onun üçün gözlənilməz olduğunu deyib:
“Mənim Ukraynanın Siyasi və Hüquq Elmləri Akademiyasının üzvü seçilməyim və bu diplomla təltif olunmağım mənim üçün gözlənilməz oldu. Xüsusilə də bu diplomu Volodimir Zelenskinin Azərbaycana səfəri ərəfəsində almağım, fəaliyyətimin bu şəkildə yüksək qiymətləndirilməsi və bir azərbaycanlı olaraq bu akademiyanın üzvü seçilməyim mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. İnanıram ki, hamımız bundan fayda görəcəyik”.
Tədbirin davamında professor Ramiz Yunus “Qlobal geosiyasi proseslər prizmasından Azərbaycan üçün imkanlar və risklər” mövzusunda mühazirə ilə çıxış edib və müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi, qarşılaşdığı çağırışlar və açılan yeni imkanlar barədə ətraflı təhlil aparıb:
“Elə bir dövrdə yaşayırıq ki, dünya sanki gözümüzün qarşısında yenidən qurulur. Dünənə qədər bizə sabit görünən beynəlxalq sistem bu gün çatlayır, parçalanır və yeni qaydalar formalaşır. Bir vaxtlar beynəlxalq münasibətlər daha çox müəyyən qaydalar çərçivəsində idarə olunurdusa, bu gün isə daha çox güc, maraq və fürsətlər sistemi hökm sürür. Burada çox vacib bir məqam var: tarix göstərir ki, belə dövrlərdə qalib gələnlər ən böyük dövlətlər olmur, qalib gələnlər düzgün oxuyanlar olur. Azərbaycan məhz belə bir tarixi mərhələdədir. Bir tərəfdən risklər, təzyiqlər və qeyri-müəyyənlik, digər tərəfdən isə nadir hallarda açılan bir imkan pəncərəsi mövcuddur. Əsas sual budur: biz bu proseslərin sadəcə iştirakçısı olacağıq, yoxsa onların istiqamətini öz xeyrimizə dəyişə biləcəyik?
Coğrafiya sadəcə xəritədə bir nöqtə deyil, dövlətin taleyini müəyyən edən sərt reallıqdır”.
Ramiz Yunus qeyd edib ki, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bu nə təsadüfdür, nə də sadə üstünlük - eyni zamanda həm Rusiya, həm də İranla quru sərhədə malik dünyada nadir ölkələrdən biridir:
“Bu faktın arxasında çox ciddi geosiyasi məna var. Bu o deməkdir ki, biz heç zaman kənarda qala bilmərik, tam neytral ola bilmərik, hər zaman böyük proseslərin içində olmağa məhkumuq. Amma məhz bu məcburiyyət eyni zamanda bizim üstünlüyümüzə çevrilə bilər. Çünki Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun, enerji ilə logistikanın kəsişdiyi nadir məkanlardan biridir.
Bu gün regionumuzda gedən geosiyasi prosesləri düzgün qiymətləndirmək üçün coğrafiyamızın xüsusiyyətlərini nəzərə almaqla yanaşı, mütləq tariximizin əsas məqamlarını da xatırlamalıyıq. Xüsusilə Türkmənçay müqaviləsini yada salmalıyıq. Çünki Azərbaycanın müasir geosiyasi taleyində ən kəskin dönüş nöqtələrindən biri məhz bu müqavilə olub. O vaxt da Azərbaycan iki böyük gücün arasında qalıb. Sonrakı 200 ildə bu təsir müxtəlif formalarda davam edib: bir dövrdə ruslaşdırma siyasəti, digər dövrdə sovet ideologiyası, daha sonra isə “yumşaq güc” vasitələri ilə”.
Professor vurğulayıb ki, şüurun işğalı isə ən təhlükəli işğal formasıdır və Cənubi Qafqaz 1991-ci ildən sonra məhz belə bir vəziyyətdə yaşayıb:
“İşğalçı ordular olmadan, formal sərhəd nəzarəti olmadan belə, düşüncə səviyyəsində daha dərin bir təsir – cəmiyyətlərin şüurunun işğalı prosesi gedib. Vətəndaşlarının şüurunda hansı mənaların formalaşdığını nəzarətdə saxlamayan dövlət gec-tez onların qərarları üzərində də nəzarətini itirir.
Bu gün baş verənlər onu göstərir ki, tarix artıq dəyişir. Artıq 4 ildir ki, Rusiya–Ukrayna müharibəsi davam edir və bu müharibə Rusiyanı həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ciddi şəkildə zəiflədib və Azərbaycanın qarşısında yeni imkanlar açıb. İran isə son bir neçə il ərzində regionda mövqelərini itirməyə başlayıb. ABŞ və İsraillə yaşadığı gərginliklər və qarşıdurmalar onu həm iqtisadi, həm də siyasi baxımdan zəiflədib və ilkin nəticələrinin necə olacağı hələ də qeyri-müəyyəndir. Bu vəziyyət də Azərbaycan üçün regionda əlverişli imkanlar yaradır.
Sonda qeyd etmək istərdim ki, ən böyük risk xarici təhlükələr deyil. Ən böyük risk bu imkanlardan istifadə edə bilməməkdir”.
Sonda professor Ramiz Yunus tələbələrin və professor-müəllim heyətinin suallarını ətraflı şəkildə cavablandırıb, mövzu ətrafında geniş və qarşılıqlı müzakirələr aparılıb.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com