AZ

WUF13 yeni iş yerlərinin yaranmasına və iqtisadi fəallığın artmasına səbəb olacaq - RƏY

2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinin, şəhərsalma və dayanıqlı inkişaf sahəsində əldə olunan uğurların dünya miqyasında tanınmasının növbəti bariz göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın müasir urbanizasiya siyasətinə, innovativ şəhər planlaşdırılmasına və “ağıllı şəhər, ağıllı kənd” konsepsiyasının uğurla həyata keçirilməsinə verilən yüksək etimadın nəticəsidir. Forum çərçivəsində dünyanın aparıcı mütəxəssisləri, dövlət rəsmiləri və beynəlxalq təşkilat nümayəndələri Azərbaycanda bir araya gələrək müasir şəhərlərin inkişaf perspektivləri, ekoloji dayanıqlılıq, infrastruktur yenilənməsi və yaşayış mühitinin keyfiyyətinin artırılması istiqamətində mühüm müzakirələr aparacaqlar. Bu tədbir eyni zamanda Azərbaycanın regional liderlik mövqeyini gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçirilməsi ölkə üçün mühüm hadisədir.

Aydın

Deputat bildirib ki, belə bir mötəbər tədbir Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcək: “Bakı şəhəri qlobal səviyyədə tanınacaq, ölkəmizin inkişaf modeli və son illərdə həyata keçirilən infrastruktur layihələri iştirakçılara təqdim olunacaq. Bu isə həm siyasi, həm də iqtisadi baxımdan ölkəmizə əlavə üstünlüklər qazandıracaq. Forum çərçivəsində yeni əməkdaşlıqların qurulması, xarici investisiyaların cəlb olunması və innovativ şəhərsalma təcrübələrinin ölkəmizə gətirilməsi gözlənilir. Müasir texnologiyalar, “ağıllı şəhər” həlləri və ekoloji yanaşmalar kimi mövzular yerli mütəxəssislər üçün də faydalı təcrübə mübadiləsinə şərait yaradacaq. Eyni zamanda tədbirin keçirilməsi turizm sektoruna da müsbət təsir göstərəcək. Xarici qonaqların ölkəmizə səfəri hotellər, nəqliyyat və xidmət sahələrinin inkişafına əlavə təkan verəcək. Bu da yeni iş yerlərinin yaranmasına və iqtisadi fəallığın artmasına səbəb olacaq. Bütün bunlarla yanaşı, Forum şəhər mühitinin yaxşılaşdırılması, infrastrukturun daha da təkmilləşdirilməsi və ekoloji davamlılığın gücləndirilməsi istiqamətində uzunmüddətli nəticələr vəd edir. Bu baxımdan, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi yalnız bir tədbir deyil, həm də ölkənin gələcək inkişafına yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə bildirib ki, 2023 cü ildə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib:

Müşfiq

“Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Bu önəmli tədbirin  paytaxtımızda keçirilməsi dövlətimizin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasından irəli gəlir. Regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacaq WUF13 çoxşaxəli müxtəlif istiqamətlərdə bir çox mərhələli tədbirlərdən ibarət olmaqla, şəhər ərazilərinin çağırışlarına cavab vermək üçün yeni tərəfdaşlıqlara və yeni fəaliyyətlərə səbəb olacaq. Artıq dövlət strukturları WUF13-ün yüksək səviyyədə keçirilməsi üçün səfərbər olublar. Rəsmi hazırlıq mərhələsi uzun müddətdir ki, həm təşkilati, həm də logistik baxımdan davam edir. Bakı şəhəri bu qlobal platformaya ev sahibliyi etməyi strateji təşəbbüs kimi qəbul edib. Ümumiyyətlə, bu mötəbər platformaya ev sahibliyi etməsi ölkəmizin təşkilati gücünün və diplomatik çəkisinin göstəricisidir. Belə tədbirlər dövlətin idarəetmə mədəniyyətini, çevik qərarvermə bacarığını və beynəlxalq standartlara uyğun fəaliyyət modelini nümayiş etdirir. Uzun illərdir, Azərbaycan bu proseslərdə kənar müşahidəçi kimi yox, təşəbbüs irəli sürən, gündəm formalaşdıran tərəf kimi çıxış edir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd

Tarix: 25 Aprel 2026, 12:10   
Seçilən
33
50
pravda.az

10Mənbələr