Bakı, 25 aprel, AZƏRTAC
İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadla məlumat yayıb.
O, X sosial şəbəkəsində yazıb: “İki mənbə bildirib ki, ABŞ nümayəndələri ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş bazar ertəsi günü baş tuta bilər. Bu görüşdən əvvəl isə Cared Kuşner və ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff Pakistan tərəfi ilə ayrıca ikitərəfli danışıqlar aparacaq”.
Mənbələrin məlumatına görə, Abbas Əraqçi şənbə və bazar günləri Pakistan tərəfi ilə görüşlər keçirəcək. Bu təmaslar ABŞ ilə danışıqların bərpasına yönəlib. Ravid Pakistan mənbəsinə istinadla qeyd edib ki, “Araqçi ilə görüşdən sonra ABŞ ilə üçtərəfli görüşün təşkili məsələsi müzakirə olunacaq”.
Bununla yanaşı, İran xarici işlər nazirinin Oman və Rusiyaya işgüzar səfərləri planlaşdırılır. Bu səbəbdən ABŞ ilə təmasların dəqiq vaxtı hələ müəyyənləşdirilməyib.