Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, beşinci gündə 57, 65, 70, 79 və 97 kq-da yer almış sərbəst güləşçilər çıxış ediblər.
İslam Bazarqanov (57 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz belaruslu Aryan Tiutrin üzərində inamlı qələbə (9:4) qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə heç bir şans tanımayan (11:1) İslam karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. Bazarqanov sabah həlledici görüşdə rusiyalı Musa Mextixanovla güləşəcək.
Rəşid Babazadə (65 kq) debütdə almaniyalı Niko Megerleni (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Bəşir Maqomedova məğlub olub – 2:7. Babazadə sabah təsəlliverici görüşdə belçikalı Ayub Musayevlə güləşəcək.
Kənan Heybətov (70 kq) 1/4 finalda ukraynalı Oleksey Borutoya 2:7 hesabıyla uduzub.
Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda slovakiyalı Avropa çempionu və dünya mükafatçısı Axsarbek Qulayevdən güclü olub – 7:2. Ancaq yarımfinalda belaruslu olimpiya və Avropa mükafatçısı Maqamedxabib Kadimaqamedova 1:5 hesabıyla məğlub olub. Güləşçimiz sabah üçüncü yer uğrunda güləşəcək. Rəqib Rasul Şapiyev (Şimali Makedoniya) – Tariel Qaprindaşvili (Gürcüstan) qarşılaşmasının qalibi olacaq.
Osman Nurmaqomedov (97 kq) ilk mərhələdə gürcüstanlı olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Givi Matçaraşviliyə minimal fərqlə (2:3) məğlub olub.
