“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubun bütün zamanların ən çox oyun keçirən niderlandlı oyunçusu olub.
Arena.az xəbər verir ki, Kataloniya klubunda çoxlu niderlandlı oyunçu çıxış edib, lakin De Yonq indi bütün həmvətənləri arasında rekorda sahib olub.
“Selta”ya qarşı La Liqa matçı (1:0) yarımmüdafiəçinin “Barselona”da bütün yarışlarda keçirdiyi 293-cü oyunu olub. Bu, əvvəlki rekordçu, matçı izləyən, De Yonqu şəxsən təbrik edən və ona 293 nömrəli formanı təqdim edən Filipp Kokudan daha çoxdur.
Xatırladaq ki, Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində De Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə verib.
De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 293 oyun, 20 qol, 31 məhsuldar ötürmə.
Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.
