Kür çayının hövzəsində su səviyyəsinin yüksəlməsi son dövrlərdə ətraf ərazilərdə diqqəti yenidən su idarəçiliyi və təhlükəsizlik məsələlərinə yönəldib.
Yağıntıların artması və su axınlarının dəyişkənliyi nəticəsində həm kənd təsərrüfatı torpaqları, həm də yaşayış məntəqələri üçün müəyyən risklər yaranır.
Belə bir şəraitdə əsas sual su anbarlarının mövcud vəziyyəti və onların bu axını tənzimləmək imkanları ilə bağlıdır.
Hazırda su anbarlarında yığımlılıq səviyyəsinin necə olması, potensial daşqınların qarşısının alınması və su resurslarının balanslı idarə olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdilər kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə məlumat verilmişdir:
“Hazırda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir.
Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür.
Xatırladaq ki, Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə etmişdir.
Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır.
Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri tərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarət altındadır”.