AZ

Bu rayonlarda təhlükəli vəziyyət yarandı Hansı tədbirlər görülür?

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Kür çayında suyun səviyyəsinin artması Ağcabədi rayonu ərazisində Qarqar çayının mühafizə bəndinin bir hissəsinin yarılmasına səbəb olub. Nəticədə bənddən su sızması baş verib. Bildirilib ki, hazırda axan su əhali üçün təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımın qarşısını almaq üçün tədbirlər davam etdirilir. Bununla yanaşı, Zərdab, Salyan, Kürdəmir ərazisindən keçən Kür çayında son günlər suyun səviyyəsinin artması müşahidə olunur. Zərdab sakinlərinin sözlərinə görə, son günlər yağan güclü yağışlar nəticəsində çayda suyun səviyyəsi təxminən 25-30 metr yüksəlib və bəzi ərazilərdə ciddi narahatlıq yaradıb. Onlar bildirirlər ki, artım bu templə davam edərsə, rayonun yaşayış evləri və həyətyanı sahələri üçün təhlükə yaranacaq. Zərdab Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramo Hacıyev bildirib ki, hazırda vəziyyət nəzarət altındadır və yaşayış məntəqələri üçün ciddi təhlükə qeydə alınmayıb. Onun sözlərinə görə, Kür çayının mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, mövcud vəziyyət təhlükəli hədd hesab edilmir. Avtosfer.az xəbər verir ki, “Yeni Sabah” məsələ ilə bağlı Salyan və Kürdəmir rayon icra hakimiyyətlərinə sorğu ünvanlayıb. Hər iki qurumdan bildirilib ki, son günlər yağıntılar səbəbindən Kür çayında suyun səviyyəsində artım müşahidə olunur. Qeyd edilib ki, artım çayın müxtəlif hissələrində qeydə alınsa da, vəziyyət nəzarət altındadır, ətraf kəndlərdə məskunlaşan sakinlərin həyatı üçün hər hansı təhlükə yoxdur.

Bildirilib ki, həmin ərazilərdə yerləşən mühafizə bəndləri möhkəmdir və suyun yaşayış məntəqələrinə doğru yayılmasının qarşısını alır. Bununla yanaşı, vəziyyət mütəmadi olaraq izlənilir və hər hansı risk yaranacağı təqdirdə operativ tədbirlər görüləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının daşması ilə bağlı məlumatlara aydınlıq gətirib.

“Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdilər kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə məlumat verilib. Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir. Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür”, - açıqlamada deyilir.

Həmçinin bildirilib ki, Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan subasma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib: “Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri tərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarət altındadır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
7
avtosfer.az

10Mənbələr