AZ

Su itkilərinin qarşısının alınması Azərbaycan üçün prioritetdir - ŞƏRH

Bakı, 24 aprel, AZƏRTAC

Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində Prezident Kasım-Jomart Tokayev tərəfindən BMT nəzdində Beynəlxalq Su Agentliyinin yaradılması təşəbbüsü irəli sürülüb. Bu təşəbbüsə Azərbaycanın da dəstək verməsi gözlənilir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə keçirilən 2026-cı il Regional Ekoloji Sammitində ölkəmizi Baş nazir Əli Əsədov təmsil edib.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri uzun illərdir ciddi su problemi ilə üzləşir və bu məsələ Afrika da daxil olmaqla digər regionlar üçün də аktualdır. “Bu baxımdan Qazaxıstan tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi təqdirəlayiqdir. Mən əminəm ki, dünyanın bir çox ölkəsi, xüsusilə də Azərbaycan bu təşəbbüsə dəstək verəcək”, – deyə o vurğulayıb.

A.Məmmədov qeyd edib ki, Azərbaycan həm Xəzəryanı ölkə kimi Xəzər dənizinin səviyyəsinin azalmasından zərər görür, həm də su ehtiyatlarının formalaşmasında xarici mənbələrdən ciddi asılıdır.

“Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxu Kür və Araz çayları hesabına formalaşır. Bu çaylar isə öz başlanğıcını qonşu ölkələrdən götürür. Bu baxımdan istər Xəzərin səviyyəsinin azalması, istərsə də ölkədə su çatışmazlığı probleminin həlli üçün BMT nəzdində belə bir agentliyin yaradılması mühüm addım ola bilər”, - deyə A.Məmmədov bildirib.

Ekspert əlavə edib ki, ölkə daxilində də su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində kifayət qədər işlər görülüb, mühüm addımlar atılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə üç il əvvəl Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb və artıq bu qurum su ehtiyatlarının idarə olunması sahəsində fəaliyyətini genişləndirib.

Onun sözlərinə görə, Azərbaycanda su ilə bağlı müxtəlif problemlər mövcuddur. Xüsusilə Kür-Araz ovalığı ölkə ərazisinin təxminən 40 faizini təşkil edir və burada su çatışmazlığı ilə üzləşən rayonlar var.

“Su itkilərinin qarşısının alınması və sudan düzgün istifadə məsələləri Azərbaycan üçün prioritetdir. Bu istiqamətdə görülən işlər davam edir və gələcək strategiyalar da artıq müəyyənləşdirilib”, - deyə Amin Məmmədov qeyd edib.

Müxbir – Pərvanə Qafarova

Seçilən
23
1
azertag.az

3Mənbələr