AZ

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

Sumqayıtda enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Belə işlərdən biri də şəhərin müxtəlif ərazilərində elektrik enerjisinin dayanıqlığının artırılması üçün yeni yarımstansiyaların, eləcə də transformator və paylayıcı məntəqələrin tikintisidir.

Hazırda şəhərin 2-ci, 9-cu, 10-cu, 11-ci və 13-cü mikrorayonları, həmçinin 48-ci məhəllə ərazilərində ümumilikdə 13 yeni transformator və paylayıcı məntəqənin inşası aparılır. Layihə çərçivəsində əlavə olaraq daha 7 məntəqənin tikintisi planlaşdırılır ki, bu da ümumi enerji şəbəkəsinin əhatə dairəsini daha da genişləndirəcək.

Yeni qurğuların quraşdırılması mövcud şəbəkədə yüklənmənin azaldılmasına, elek-trik enerjisinin daha sabit və itkisiz ötürülməsinə şərait yaradacaq. Eyni zamanda bu addımlar qəza hallarının sayının minimuma endirilməsinə və nasazlıqların daha operativ aradan qaldırılmasına imkan verəcək.

"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsindən bildirilib ki, həyata keçirilən yenidənqurma və tikinti işləri nəticəsində xüsusən yay və qış ayları müşahidə olunan yüksək yüklənmə dövrlərində enerji təchizatında fasilələrin qarşısı alınacaq, abonentlərin fasiləsiz və keyfiyyətli elek-trik enerjisi ilə təminatı daha etibarlı şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, görülən işlər şəhərin sürətli inkişafı, yeni yaşayış massivlərinin salınması və əhali sayının artması fonunda enerji tələbatının qarşılanmasına yönəlib. Layihələrin mərhələli şəkildə icrası yaxın vaxtlar Sumqayıtın bütün ərazilərində enerji təminatının daha dayanıqlı və təhlükəsiz olmasına imkan verəcək.

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
6
5
azerbaijan-news.az

8Mənbələr