AZ

® Milli Biznesin İnkişafı Forumunun XV xüsusi sessiyası antiinhisar və istehlak bazarının inkişaf perspektivlərinə həsr olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə #bizislahatlarahazırıq şüarı altında Milli Biznesin İnkişafı Forumunun XV xüsusi sessiyası keçirilib.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Sessiyanın əsas müzakirə mövzusu sahibkarlar tərəfindən irəli sürülən sual və təkliflərin ətraflı şəkildə nəzərdən keçirilməsi olub. Görüş çərçivəsində biznes mühitinin daha da təkmilləşdirilməsi, bazar tənzimlənməsi mexanizmlərinin optimallaşdırılması və sahibkarlıq fəaliyyətində qarşıya çıxan aktual çağırışlar ətrafında geniş və məzmunlu fikir mübadiləsi aparılıb.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, agentliyin sədrinin birinci müavini Cəfər Babayev, eləcə də sədr müavini İlqar Həsənov və aparat rəhbəri Tural İsmayılov fəxri qonaq qismində iştirak ediblər. Görüş zamanı sahibkarlar tərəfindən səsləndirilən müraciət və təkliflər diqqətlə dinlənilib, mövcud çağırışlar ətrafında geniş müzakirələr aparılıb, həmçinin müxtəlif istiqamətlər üzrə praktik yanaşmalar və həll modelləri barədə ətraflı fikir mübadiləsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov tədbirdə açılış nitqi ilə çıxış edib. Çıxış zamanı sahibkarlarla açıq və konstruktiv tərəfdaşlıqların qurulması istiqamətində təşəbbüslərə diqqət çəkilib, biznes ictimaiyyətinin iqtisadi dayanıqlılığın möhkəmləndirilməsində rolu vurğulanıb.

Bildirilib ki, ötən il bu platforma çərçivəsində dövlət satınalmaları və rəqabət qanunvericiliyinin tələblərindən irəli gələn məsələlərin müzakirəsi baş tutub. Sahibkarlar tərəfindən irəli sürülən təkliflər, agentliyin mövcud tənzimləmə təcrübəsi və Azərbaycan Respublikasının İqtisadi Şurasının tərkibində yaradılan sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupun iclasları çərçivəsində baş tutan müzakirələr nəticəsində dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində layihə hazırlanıb. Layihədə dövlət satınalmalarına əlçatanlığın artırılması, satınalma prosedurlarının sadələşdirilməsi və rəqabətliliyin artırılmasına dair normaların yer aldığı vurğulanıb.

Sessiya çərçivəsində çıxış edən Telman Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin biznes mühitinin inkişafına göstərdiyi ardıcıl diqqətə və formalaşdırdığı səmərəli əməkdaşlığa görə dərin təşəkkürünü ifadə edib. Telman Əliyev agentlik ilə sahibkarlar arasında qurulmuş açıq, şəffaf və konstruktiv dialoqun xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin real və ölçülə bilən nəticələr verdiyini qeyd edib.

Eyni zamanda, agentliyin nəzdində yaradılmış müxtəlif işçi qruplar çərçivəsində aparılan sistemli müzakirələrin və birgə fəaliyyət mexanizmlərinin sahibkarların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında və operativ həll yollarının formalaşdırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Sessiyanın yekununda biznes nümayəndələri arasında geniş networking imkanları yaradılıb, tərəfdaşlıq əlaqələrinin inkişafı və yeni əməkdaşlıq perspektivlərinin formalaşdırılması istiqamətində səmərəli və məhsuldar görüşlər keçirilib.

“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid “Milli.Biz” ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. “Milli.Biz” ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”. “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid “Milli.Biz” ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. “Milli.Biz” ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
50
azertag.az

10Mənbələr