AZ

O gün başa düşdüm ki, müəllimlik sadəcə bilik ötürmək deyil, həm də kiçik ürəklərə toxunmaq və onlarla birlikdə böyüməkdir - MÜSAHİBƏ

Azərbaycan dilinin zənginliyini şagirdlərə sevdirmək və onların söz ehtiyatını genişləndirmək mənim üçün sadəcə bir vəzifə deyil, həm də bir yaradıcılıq prosesidir

Müəllimlik sadəcə bir peşə deyil, insan ömrünün ən dərin mənalarından biridir. O, təkcə dərs demək, qayda öyrətmək və bilik ötürmək deyil — bir uşağın gözündə işıq yandırmaq, onun içindəki potensialı görmək və ona inanmaqdır. Hər müəllim sinfə daxil olanda əslində bir gələcəyin qapısını açır. O qapının arxasında isə minlərlə arzu, qorxu, sual və ümid dayanır. Müəllim bəzən bir sözlə uşağın özünə inamını qaytarır, bəzən bir baxışla onun yolunu dəyişir. Elə anlar var ki, illər sonra belə bir şagirdin “mən bacardım” deməsində o müəllimin səsi eşidilir.
Müəllimlik səssiz fədakarlıqdır. Çox vaxt görünməyən, amma təsiri ömür boyu davam edən bir əməkdir. O, öz yorğunluğunu gizlədib sinfə gülüşlə girən, öz dərdini arxada qoyub şagirdinin dərdini dinləyən insandır. Çünki bilir ki, qarşısındakı hər uşaq bir dünyanın başlanğıcıdır.
Əsl müəllim şagirdinə yalnız bilik vermir - ona düşünməyi, hiss etməyi, soruşmağı və insan olmağı öyrədir. Onun izi bəzən bir peşədə, bəzən bir qərarda, bəzən isə bir ömürlük xatirədə yaşayır.  Və ən gözəli odur ki, müəllimlik bitmir… O, hər şagirdin həyatında yenidən doğulur.

Bu dəfəki müsahibəmizdə uzun illərdir təhsil sahəsində fəaliyyət göstərən, innovativ yanaşmaları və pedaqoji baxışları ilə seçilən Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva ilə söhbətləşdik.

- Özünüz haqqında məlumat verərdiniz…

-Mən, Aytən Bağıyeva 24 ildir ki, Nərimanov rayonu 36 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi və metodbirləşmə rəhbəri kimi fəaliyyət göstərirəm. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsində "Şagirdlərin oxu bacarıqlarının inkişafı",Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində "Virtual aləmə səyahət" klubu layihəsi və hal- hazırda reallaşdırılan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qaliblərindən olan "Beynəlxalq sertifikatlı müəllim" layihəsinin  müəllifiyəm. 

- Beynəlxalq və yerli layihələrdə iştirakınız haqqında nə deyə bilərsiniz?

-Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin layihələrindən olan "eTwinning Plus" -ın keçirdiyi müsabiqənin qalibi olaraq 2019- cu ildə Türkiyənin İzmir şəhərində keçirilən "Multilaterial Confrans"ın iştirakçısı olmuş və sertifikatla təltif olunmuşam. “eTwinning Plus” layihəsi çərçivəsində 12 layihəm “Milli Keyfiyyət Nişanı”na 8 layihəm isə “Avropa  Keyfiyyət Nişanı”na layiq görülmüşdür.  Şagirdlərimlə qatıldığımız   bu  layihələr  nəticəsində 36 nömrəli tam orta məktəb”eTwinning school” nominasiyası üzrə seçilmiş məktəblər sırasında olmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "Azərbaycan Müəllimi" qəzetinin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə  birlikdə keçirdiyi inşa müsabiqəsində “Azərbaycan Xalq Cumhuriyyəti və təhsil”adlı yazı işimlə qaliblər sırasında olmuşam.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən elan edilən "Mənim gündəliyim"oxu və yaradıcıllq müsabiqəsində şagirdim  İbrahimli Sevinclə  birlikdə iştirak edərək I yerin qaliblərindən biri olmuşuq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim:inkişaf edək,etdirək"adlı  müsabiqədə şagirdim Bayramlı Həcərlə birgə iştirak edərək təltifnaməyə layiq görülmüşük.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Microsoft"  şirkəti ilə birgə  təşkil etdiyi proqramı uğurla başa vuraraq 2021-2022-ci il üzrə “MIE Expert” seçilmişəm.
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”(OCEP) layihəsinin fəal üzvlərindən biriyəm.
Əlbəttə ki, bu günə qədər qazandığım daha çox nailiyyətləri sadlaya bilərəm, lakin uğurlarımı sadəcə qazanılan qrantlar, layihələr və ya diplomlarla ölçmürəm. Bəli,müxtəlif təhsil müsabiqələrində qalib olmaq,innovativ layihələrə imza atmaq bir pedaqoq kimi qürurvericidir. Amma mənim üçün  əsl uğurun ölçüsü yetişdirdiyim şagirdlərimin cəmiyyətə faydalı bir şəxsiyyət kimi atdığı addımlardır . Müəllimlik fəaliyyətimdə yalnız şagirdlərimə bilik ötürən bir pedaqoq deyil, həm də onların mənəvi dünyasını zənginləşdirən  bir yol yoldaşı,dost olmağa çalışmışam. Mənim üçün müəllimlik sadəcə bir peşə deyil, həm də mənəvi bir missiya,qarşılıqlı sevgi və hörmətdir.

Müəllimlik sadəcə bir peşə deyil, həm də
mənəvi bir missiya, qarşılıqlı sevgi və hörmətdir

- Bu peşəni seçməyinizə nə təsir edib?

- Azərbaycan dili və ədəbiyyat fənninə olan marağım təsadüfi bir seçim deyil. Bu sahəni seçməyimdə ən böyük təsir ailə mühitim və böyüduyüm dəyərlər olub.
Mənim bu yola addım atmağımda anam Rəna xanımın və babam Sərbaz Qafarovun müstəsna rolu var. Babam Qərbi Azərbaycanda uzun illər Azərbaycan dili və  ədəbiyyatı müəllimi , eyni zamanda, məktəb direktoru kimi fəaliyyət göstərib. Babamın həm şeirə, sənətə,ədəbiyyataolan marağı, şagirdlərinə olan sevgisi, peşəsinə məsuliyyətlə yanaşmağı, həm də rəhbər kimi qazandığı nüfuz mənim üçün hər zaman bir fəxr mənbəyi və örnək olub. Onun tələbkarlığı ilə yanaşı, ana dilimizə olan sonsuz sevgisi mənim uşaqlıq yaddaşıma silinməz izlər salıb.

-Müəllimlik sizin üçün nə ifadə edir?

-Ruz yazıçısı  Qriqori Petrovun məşhur "Ağ zanbaqlar ölkəsində" əsərində Snemal müəllimin hərbçilərə müraciətlə dediyi fikirlər müəllimlik peşəsinin mahiyyətini dərindən ifadə edir.Snemal hərbçilərə deyirdi ki, "Siz ölkənin sərhədlərini qoruyursunuz, lakin biz müəllimlər həmin sərhədlərin daxilində yaşayan insanların ruhunu və beynini formalaşdırırıq.

-Müəllimlik fəaliyyətinizə yanaşmanızı necə izah edərdiniz?

-Mənim üçün müəllimlik bir ömürlük xidmət, milli kimliyimizin keşiyində durmaqdır. Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq isə bu məsuliyyəti ikiqat artırır. Çünki mən şagirdlərimə yalnız elmi biliklər öyrətmirəm, həm də onlara ana dilimizə məhəbbət aşılayıram. Klassiklərimizin hikmətini və xalqımızın mənəvi dəyərlərini tanıdıram. Dil  bizim varlığımızdır, ədəbiyyat isə o varlığın aynasıdır. Bu aynada dürüst, vətənpərvər və savadlı bir nəsil görmək mənim üçün ən böyük xoşbəxtlikdir.

-Yaxşı Azərbaycan dili müəllimini fərqləndirən əsas xüsusiyyətlər nələrdir?

-Azərbaycan dili müəllimi hər şeydən əvvəl dilin saflığını qoruyan bir simadır. Onun səlis nitqi, zəngin söz ehtiyatı və ədəbi dilin tələffüz qaydalarına riayət etməsi şagirdlər üçün ən böyük örnəkdir.Müəllim özü fənninə aşiq olmalıdır ki, şagirdlərində də həmin qığılcımı yarada bilsin. Füzulinin qəzəlini və ya Sabirin satirasını elə bir həvəslə təhlil etməlidir ki, şagird özünü o dövrə səyahət etmiş kimi hiss etsin.

-İlk müəllimlik təcrübəniz necə keçdi?

-Bakı Dövlət Universitetində ali təhsilimi tamamladıqdan  sonra ilk illər Nəsimi Rayon Təhsil Şöbəsində inzibati vəzifədə çalışsam da, mən həmin işdən imtina edərək məktəbi və müəllimliyi seçdim.
Mənim üçün ilk dərs günü sadəcə bir işin başlanğıcı deyil, ömrümün ən həyəcanlı və unudulmaz anlarından biridir. 2002-ci il idi...
152 nömrəli məktəbin qapısından ilk dəfə müəllim kimi daxil olanda içimdə qəribə bir titrəyiş var idi. Bir tərəfdən illərdir xəyalını qurduğum peşəyə qovuşmağın sevinci, digər tərəfdən isə "Görəsən, məndə alınacaqmı?" sualının gətirdiyi məsuliyyət hissi.
Sinif otağına daxil olanda iyirmidən çox cüt parıldayan gözün mənə baxdığını gördüm. O an bütün həyəcanım bir anda yox oldu, yerini böyük bir sevgi və qürur hissi əvəz etdi. Şagirdlərlə ilk ünsiyyətim çox səmimi keçdi sanki illərdir onları tanıyırdım. Onların sualları, öyrənmək həvəsi və mənə olan maraqlı baxışları hələ də dünənki kimi yadımdadır.
O gün başa düşdüm ki, müəllimlik sadəcə bilik ötürmək deyil, həm də o kiçik ürəklərə toxunmaq və onlarla birlikdə böyüməkdir. 152 nömrəli məktəbdə keçdiyim o ilk dərs mənim pedaqoji yolumun ən parlaq bələdçisinə çevrildi.

-Müəllimlərinizdən hansı dərsləri götürmüsünüz?

-Əlbəttə, bəzi müəllimlərimin güzəştsiz tələbkarlığı mənə intizamı və məsuliyyəti öyrətdi. Lakin bu tələbkarlığın arxasında hər zaman bizə olan inam və daha yaxşısını bacaracağımıza dair verdikləri motivasiya dayanırdı.
Xatırlayıram ki, müəllimimiz Vasim Məmmədəliyev həmişə deyərdi: " Auditoriyaya daxil olanda qarşınızda yalnız tələbə deyil, bir gələcək görməlisiniz." Onun hər birimizə bir fərd kimi hörmətlə yanaşması, səhv etməkdən qorxmamağımız üçün yaratdığı o səmimi mühit bu gün mənim dərs metodikamın əsasını təşkil edir.

Əvvəllər şagirdlər məlumatı yalnız kitabdan və müəllimdən alırdılarsa,
müasir şagirdlər informasiya selinin içində böyüyürlər

-Müasir şagirdləri əvvəlki nəsillə müqayisədə necə qiymətləndirirsiniz?

-Əvvəllər şagirdlər məlumatı yalnız kitabdan və müəllimdən alırdılarsa, müasir şagirdlər informasiya selinin içində böyüyürlər. Onların texnoloji çevikliyi, rəqəmsal dünyanı ana dili kimi qavramaları ən böyük sıçrayışdır. Yeni nəsil şagirdlərdə öz fikrini sərbəst demək, sual vermək və bəzən mühakimə yürütmək cəsarəti daha güclüdür. Onlar artıq sadəcə dinləyən tərəf deyil, prosesin aktiv iştirakçısı olur, öz yaradıcı bacarıqları ilə seçilirlər.
Sevindirici  hallardan biri də odur ki,əgər əvvəllər şagirdlər standart peşələrə (həkim, müəllim, mühəndis) yönəlirdilərsə, indi onların maraq dairəsi qlobal trendlərə, kreativ sənətlərə və rəqəmsal peşələrə doğru genişlənib. Onlar dünyanı daha geniş perspektivdən görürlər.

- Şagirdlərin ana dilinə və ədəbiyyata marağı barədə fikirləriniz necədir?

-Bu suala bir müəllim səmimiyyəti və təcrübəsi ilə yanaşsam, mənzərə həm düşündürücü, həm də ümidvericidir. Müasir dövrdə şagirdlərin ana dilinə və ədəbiyyata marağını "ziddiyyətli bir keçid dövrü" kimi qiymətləndirirəm. Klassik kitab və uzun mətnlər artıq rəqəmsal dünyanın vizual sürəti ilə yarışa bilmir. Şagirdlər məlumatı qısa, rəngli və sürətli almağa vərdiş ediblər. Bu səbəbdən, 20-30 səhifəlik bir təsviri oxumaq onlara bəzən darıxdırıcı gəlir. Amma bu, marağın yoxluğu deyil, marağın formasının dəyişməsidir deyərdim.Müasir şagird  "Bu əsər mənim real həyatımda nəyi dəyişəcək?" sualını verir. Əgər biz ədəbiyyatı sadəcə keçmişin xatirəsi kimi təqdim etsək, maraq azalacaq. Amma əsərdəki qəhrəmanın psixologiyasını müasir gəncin problemləri ilə əlaqələndirəndə məsələn, Nizaminin nəsihətlərini "şəxsi inkişaf" müstəvisində izah edəndə, onların gözündəki o qığılcımı görmək mümkündür.

-Tədris prosesini necə qurursunuz?

-Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətimdə əsas məqsədim şagirdlərdə ana dilimizə sevgi formalaşdırmaq, onların dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, bədii düşüncə tərzini də zənginləşdirməkdir. Dərslərimi planlaşdırarkən ənənəvi yanaşmadan daha çox müasir, interaktiv metodlara üstünlük verirəm. Mənim üçün şagirdin sadəcə dinləyici deyil, dərs prosesinin fəal iştirakçısı olması əsasdır. Bu səbəbdən dərslərimdə müzakirələr, qrup işləri, debatlar, yaradıcı tapşırıqlar və fərdi yanaşma mühüm yer tutur. Dil dərslərində nəzəri bilikləri yalnız qayda kimi təqdim etməkdənsə, onları praktik fəaliyyətlərlə möhkəmləndirməyə çalışıram. Şagirdlərin ilkin biliklərini üzə çıxarmaq, onların öz fikirlərini sərbəst ifadə etməsinə şərait yaratmaq və dili canlı ünsiyyət vasitəsi kimi dərk etdirmək əsas prioritetlərimdəndir. Ədəbiyyat dərslərində isə məqsədim yalnız əsərin məzmununu öyrətmək deyil, şagirdlərdə oxu mədəniyyəti formalaşdırmaq, onları düşündürmək və müasir baxış bucağı ilə təhlil aparmağa təşviq etməkdir. Klassik və müasir ədəbi nümunələri müqayisəli şəkildə təqdim edərək şagirdlərin tənqidi və yaradıcı düşünmə qabiliyyətlərini inkişaf etdirməyə çalışıram. Onların hər bir fikrini dəyərləndirir, fərqli baxışlara hörmətlə yanaşmağı aşılayıram.
Məqsədim yalnız bilik ötürmək deyil, düşünən, hiss edən və ana dilinə bağlı, ədəbiyyatını sevən savadlı bir nəsil formalaşdırmaqdır.

Texnologiyanı milli ruhla birləşdirə bilsək, daha yaradıcı,
təhlil etməyi bacaran və ana dilini mükəmməl bilən bir nəsil yetişdirə bilərik

-Təhsildə texnologiyanın rolu barədə nə düşünürsünüz?

-Təhsil sahəsində texnologiyaların tətbiqi artıq bir seçim deyil, dövrün tələbidir. Bir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi qeyd edə bilərəm ki, rəqəmsal transformasiya fənnimizin tədrisinə həm yeni nəfəs gətirir, həm də qarşımıza ciddi məsuliyyətlər qoyur.
Əvvəllər şagirdlər üçün fonetika və ya morfologiya kimi mövzular quru nəzəriyyə kimi görünürdüsə, indi onlayn platformalar və tətbiqlər vasitəsilə bu prosesi maraqlı etmək mümkündür.
Ədəbi nümunələrin, xüsusilə klassik əsərlərin məsələn, "Leyli və Məcnun" və ya "Dədə Qorqud" audio-kitab formaları və ya animasiyalarla təqdimatı şagirdin təxəyyülünü inkişaf etdirir. Texnologiya sayəsində şagirdləri Bakıdan tərpənmədən Şəkidəki Mirzə Fətəli Axundovun ev-muzeyinə və ya Gəncədə Nizami Gəncəvi məqbərəsinə virtual ekskursiyaya aparmaq mümkündür, amma nəticə olaraq texnologiya bizim üçün bir hədəf deyil, vasitədir. Əsas məqsədimiz şagirdə Azərbaycan dilinin saflığını sevdirmək və ədəbiyyatımızın bəşəri dəyərlərini aşılamaqdır. Əgər biz texnologiyanı milli ruhla birləşdirə bilsək, daha yaradıcı, təhlil etməyi bacaran və ana dilini mükəmməl bilən bir nəsil yetişdirə bilərik.

Dilin zənginliyini hiss etməyin ən qısa yolu mütaliədir

- Şagirdlərdə söz ehtiyatını necə inkişaf etdirirsiniz?

- Dilin zənginliyini hiss etməyin ən qısa yolu mütaliədir. Hər zaman şagirdlərimə təkcə dərslikləri deyil, bədii ədəbiyyatı, klassik və müasir əsərləri oxumağı tövsiyə edirəm. Hər gün ən azı 15-20 dəqiqə uca səslə oxumaq nitqin səlisliyinə birbaşa təsir edir.
Sinifdə və ya evdə müəyyən bir mövzu ətrafında debat və müzakirələr təşkil etmək vacibdir. Öz fikrini sərbəst ifadə edən şagird dildən qorxmur, əksinə, ondan sərbəst və düzgün istifadə etməkdən zövq alır.
Əsas odur ki, şagird səhv etməkdən qorxmasın. Dil canlıdır və onu sevərək, istifadə edərək öyrənmək ən qalıcı üsuldur. Bizim ən böyük missiyamız onlara bu dilin sadəcə bir fənn deyil, bir mənəviyyat olduğunu hiss etdirməkdir.

- Gənc müəllimlərə nə tövsiyə edərdiniz?

- İlk növbədə, bu peşəni sadəcə bir iş kimi deyil, məsuliyyətli və mənalı bir missiya kimi görürlərsə, müəllimlik yolunu seçsinlər. Çünki Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq yalnız qaydaları öyrətmək demək deyil, bu, gələcəyin cəmiyyətini formalaşdıracaq fərdlərin dilini, düşüncəsini və mənəviyyatını qurmaq deməkdir.
Bu yolda uğurlu olmaq üçün səbir və empati ən vacib keyfiyyətlərdəndir. Müəllim qarşısındakı hər bir şagirdin fərqli dünyaya sahib olduğunu qəbul etməli, onların həm suallarına, həm də bəzən ifadə olunmayan duyğularına həssaslıqla yanaşmalıdır.
Eyni zamanda, daim öz üzərində işləmək, yeniliklərə açıq olmaq və müasir tədris metodlarını mənimsəmək bu peşənin ayrılmaz hissəsidir. Şagirdlərə yalnız bilik vermək kifayət deyil, onlarda öyrənməyə maraq oyatmaq, düşünməyi və öz fikirlərini ifadə etməyi öyrətmək daha önəmlidir.
Unutmaq olmaz ki, yaxşı müəllim iz qoyur. Ona görə də bu peşəni seçən hər kəs həm peşəkar, həm də insani keyfiyyətlərini inkişaf etdirməyə çalışmalı, şagirdlərinə yalnız dərs yox, həyat üçün dəyərlər də qazandırmalıdır.

- Dilin və ədəbiyyatın şagirdlərin şəxsiyyətinə təsiri nədir?

- Dil millətin ruhudur. Şagirdlərimiz öz ana dilini dərindən öyrəndikcə öz köklərinə, tarixinə və mədəniyyətinə bağlanır. Ədəbiyyat vasitəsilə isə klassik və müasir yazıçıların əsərlərini oxuyaraq xalqın keçdiyi tarixi yolu, qəhrəmanlıq salnamələrini mənimsəyir. Bu, onlarda milli qürur və vətənpərvərlik hisslərini təbii şəkildə formalaşdırır.
Azərbaycan dili və ədəbiyyat dərsləri şagirdi sadəcə savadlı etmir, həm də onu xalqına bağlı, geniş dünyagörüşlü, mənəviyyatca zəngin və yetkin bir vətəndaş kimi yetişdirir. Bizim əsas vəzifəmiz bu fənn vasitəsilə şagirdin qəlbinə və zəkasına doğru körpü salmaqdır.

- Unudulmaz pedaqoji uğurunuz hansıdır?

- Tədris illərimə nəzər salanda tək bir uğuru fərqləndirmək olduqca çətindir, çünki müəllimlik mənim üçün hər gün yeni bir hekayə, hər zənglə başlayan yeni bir həyəcandır. Lakin 2022-ci il məzunlarımın uğuru qəlbimdə xüsusi yer tutur. Beşinci sinifdən etibarən varislik prinsipi  ilə yol yoldaşı olduğum 17 şagirdimin hər birinin Azərbaycanın və dünyanın ən nüfuzlu universitetlərinə qəbul olması, mənim üçün sadəcə bir statistik göstərici deyil, yeddi illik əməyin, sevginin və qarşılıqlı inamın ən gözəl bəhrəsidir.

-Sizi bu peşədə ən çox motivasiya edən nədir?

-Müəllim kimi məni ayaqda tutan əsas qüvvə faydalılıq meyarıdır. İllər sonra bir şagirdimin qazandığı uğurda payım olduğunu görmək, onun cəmiyyətə xeyirli bir fərd kimi yetişməsinə şahidlik etmək ən böyük mükafatımdır.Bir insanın xarakterinin formalaşmasında, onun uğur yolunda faydalı olduğumu hiss etmək mənə mənəvi rahatlıq verir.

-Azərbaycan dili və ədəbiyyatın tədrisində əsas istiqamətlər nələrdir?

-Azərbaycan təhsil sistemində ana dili və ədəbiyyatın tədrisi hazırda mühüm bir  keyfiyyət dəyişikliyi mərhələsini yaşayır. Bu prosesdə əsas prioritetimiz təkcə akademik biliklərin ötürülməsi deyil, həm də şagirdlərdə milli kimlik şüurunun formalaşdırılmasıdır.
Azərbaycan dilinin tədrisi artıq sadəcə qrammatik qaydalar toplusu olmaqdan çıxaraq, şagirdin öz fikrini səlis, məntiqli və arqumentləşdirilmiş şəkildə ifadə etmə bacarığına yəni, nitq fəaliyyətinə yönəlib.
Ədəbiyyat fənninin tədrisində isə məqsəd sadəcə mətnin süjet xəttini öyrətmək deyil, bədii nümunələr vasitəsilə şagirdin emosional zəkasını inkişaf etdirmək, onda klassik və müasir irsimizə qarşı estetik zövqün formalaşdırilmasına zəmin yaratmaqdır.

- Sosial şəbəkələrin dilə təsiri barədə fikriniz nədir?

- Müasir dövrdə internet və sosial platformalar dilimizə həm imkanlar yaradır, həm də müəyyən təhlükələr törədir. Bu prosesdə ana dilinin saflığını qorumaq ən başlıca məsələlərdəndir.
Şagirdlərə ana dilini sadəcə bir "fənn" kimi deyil, bir milli kimlik və ünsiyyət vasitəsi kimi təqdim etməliyik. Müəllimin vəzifəsi internetin gətirdiyi "yad elementləri" tənqid etməklə yanaşı, ana dilinin zənginliyini müasir texnologiyanın dili ilə gən

Dərslərimizi sadəcə qaydalar toplusu kimi deyil, tarix, incəsənət və hətta məntiqi təfəkkürlə bağlayaraq
"həyat üçün öyrənmə" modelini daha dərindən tətbiq etməyin faydalı olacağını düşünürəm

- Yenilikçi müəllimlik anlayışınız nədir?

-Mənim yenilik anlayışım keçmişin köklü ənənələrinə söykənərək, gələcəyin texnoloji və pedaqoji imkanlarını cəsarətlə tətbiq etməkdir. Yaradıcı və yenilikçi bir müəllim kimi əsas amalım şagirdlərimə təkcə bilik vermək deyil, onlara öyrənməyi sevdirməkdir. Dərslərimizi sadəcə qaydalar toplusu kimi deyil, tarix, incəsənət və hətta məntiqi təfəkkürlə bağlayaraq "həyat üçün öyrənmə" modelini daha dərindən tətbiq etməyin faydalı olacağını düşünürəm.
Bildiyimiz kimi hər bir şagirdin qavrama sürəti fərqlidir.Tədrisdə differensial təlim metodlarından istifadə edərək, zəif nəticə göstərən şagirdlər üçün daha stimullaşdırıcı və fərdiləşdirilmiş inkişaf xəritələri yaratmağı  düşünürəm.

-Sosial şəbəkələrdəki dil pozuntuları barədə nə düşünürsünüz?

-Müasir dövrdə internet və sosial platformalar dilimizə həm geniş imkanlar yaradır, həm də müəyyən təhlükələr törədir. Bu prosesdə ana dilinin saflığını qorumaq ən başlıca məsələlərdəndir. Şagirdlərə ana dilini sadəcə bir “fənn” kimi deyil, bir milli kimlik və ünsiyyət vasitəsi kimi təqdim etməliyik.
Bu sual Azərbaycan dilinin müasir dövrdəki ən həssas məqamlarından birinə — sosial şəbəkələrin dilimizə təsirinə toxunur. Bir pedaqoq və dilimizi sevən bir insan olaraq, bu mövzu ətrafında şagirdlərimlə tez-tez müzakirələr aparıram. Əsasən sosial şəbəkələrdə istifadə olunan qısaltmalar (məsələn, “slm”, “çox sağ ol” əvəzinə “çs”), slenqlər və xarici sözlərin (vibe, fake, okay və s.) kütləvi istifadəsi dilimizin estetik görüntüsünü və daxili strukturunu zəiflədir.
Dilimizə yersiz şəkildə daxil olan əcnəbi sözlər milli söz fondumuzu tədricən zəiflədir. Gənclər artıq Azərbaycan dilinin zəngin ifadələrini deyil, daha “asan” görünən xarici qarşılıqları seçməyə meyilli olurlar. Mən şagirdlərimə hər zaman bunu aşılayıram ki, dil təfəkkürün aynasıdır. Dil sadələşdikcə, ifadə olunan fikirlər də dərinliyini itirir. Ümumiyyətlə, dil canlı orqanizmdir, lakin onu yad təsirlərdən qorumaq hər birimizin vətəndaşlıq borcudur. Gəlin unutmayaq ki, dilimiz itərsə, mənliyimiz də itər. Azərbaycan dilinin dövlət rəmzi kimi əhəmiyyətini və onun qorunmasının vacibliyini Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulamışdır: “Bizim ana dilimiz milli varlığımızın əsasıdır. Azərbaycan dili bizi bir millət kimi qoruyub, əsrlər boyu saxlayıb. Bu gün də Azərbaycan dili bizi bir millət kimi birləşdirir. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir.” Səmimiyyətlə deyə bilərəm ki, bu mübarizədə ən güclü silahımız sevgidir - dilimizə olan sonsuz sevgi.

-Şagirdlərdə ədəbi dil ilə gündəlik danışıq dili arasında balansı qorumaq və nitq mədəniyyətini formalaşdırmaq üçün hansı üsullardan istifadə edirsiniz?

-Mən şagirdlərimə izah edirəm ki, dil bir geyim kimidir. Dostunla həyətdə oynayanda geyindiyin rahat idman paltarı (gündəlik dil) nə qədər təbiidirsə, rəsmi bir tədbirə və ya imtahana gedəndə geyindiyin kostyum (ədəbi dil) da o qədər vacibdir. Onlara dilin harada və necə istifadə olunmasının sosial məsuliyyət olduğunu aşılamağa çalışıram.
Bundan əlavə Dərslərimdə tez-tez müqayisəli metoddan istifadə edirəm. Məsələn, bir şagird gündəlik dildə bir fikir deyəndə, mən ondan soruşuram: "Bunu bir yazıçı və ya natiq kimi desəydin, hansı rəngarəng sözlərdən istifadə edərdin?" Bu, onlarda həm lüğət ehtiyatını artırır, həm də ədəbi dilin estetikliyini qavramalarına zəmin yaradır.

-Azərbaycan dilinin zənginliyini şagirdlərə daha maraqlı şəkildə çatdırmaq və onların söz ehtiyatını artırmaq üçün hansı effektiv metodları tətbiq edirsiniz?

-Azərbaycan dilinin zənginliyini şagirdlərə sevdirmək və onların söz ehtiyatını genişləndirmək mənim üçün sadəcə bir vəzifə deyil, həm də bir yaradıcılıq prosesidir. Ən çox istifadə etdiyim metodlardan biri dərslərimdə "Söz Ovçusu" və ya "Mənanı Tap" kimi yarışmalar təşkil edirəm. Rəqəmsal resurslardan istifadə edərək hazırladığım kiçik krossvordlar və intellektual oyunlar şagirdlərin yeni sözləri əylənərək öyrənməsini təmin edir. Xüsusilə sinonim və antonim yarışları onlarda rəqabət ruhunu artırır. Bundan əlavə Elm və Təhsil Nazirliyi tərəfindən verilən təlimata əsasən Azərbaycan dili dərslərində keçirdiyimiz "Oxu dəqiqələri"də müzakirələr zamanı oradakı fikirləri sadəcə oxumur, eyni zamanda təhlil edirik.Bu fikri daha hansı  bədii boyalarla demək olar? Sualı ətrafında qurulan müzakirələr şagirdlərimin nitqinin zənginləşməsində rol oynayır.
Yazı işləri zamanı şagirdlərimə müəyyən etdiyim 5-10  yeni sözü məntiqi şəkildə istifadə etmək tapşırığı isə onları lügətlə işləməyə sövq edir.
Bundan əlavə keçirdiyimiz"Ana dili aylığı" çərçivəsində planladığımız silsilə tədbirlər şagirdlərin dilin estetik gücünü hiss etməsi üçün ən yaxşı vasitədir.
Bir sözlə, dil öyrətmək təkcə qayda öyrətmək deyil, ruhu və düşüncəni o dilin rəngləri ilə bəzəməkdir. Şagird dili nə qədər dərindən hiss edərsə, söz ehtiyatı da bir o qədər təbii şəkildə artacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr