AZ

Azərbaycanın çoxvektorlu siyasəti Macarıstanda diqqət mərkəzində

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 aprel, AZƏRTAC

Macarıstanın Ludovika Dövlət Xidmətləri Universitetində Azərbaycanın çoxvektorlu xarici siyasətinə həsr olunmuş panel müzakirə təşkil edilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir universitetin Beynəlxalq Əlaqələr üzrə baş direktoru Liliana Smieçin açılış nitqi ilə başlayıb.

“Bloklardan kənarda Cənubi Qafqaz: Azərbaycanın çoxvektorlu xarici siyasəti” mövzusunda keçirilən müzakirələrdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov Azərbaycanın çoxvektorlu xarici siyasətinin qazandırdığı üstünlüklər və dayanıqlı beynəlxalq mövqe ilə bağlı geniş təqdimatla çıxış edib. Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə yerləşməsinə baxmayaraq, müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış və praqmatik xarici siyasət həyata keçirməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, bu yanaşma ölkənin suverenliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafına və geosiyasi əhəmiyyətinin artmasına xidmət edir.

V.Hüseynov, həmçinin Cənubi Qafqazda sülh prosesi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqların cari vəziyyəti və perspektivləri barədə geniş məlumat təqdim edib, regionun münaqişə zonasından sülh, sabitlik və əməkdaşlıq məkanına transformasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə müəyyən edilmiş prioritet istiqamətlər, təşkilatın artan institusional və beynəlxalq rolu məsələlərinə də toxunulub.

Bununla yanaşı, Polşadan olan tələbələr üçün təşkil edilən ayrıca seminarda Vasif Hüseynov Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanın Avrasiya məkanında mühüm tranzit və logistika qovşağı kimi artan rolu barədə təqdimatla çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
2
azertag.az

3Mənbələr