AZ

Erkən alça və çiyələk: dadlı görünür, amma nə qədər təhlükəsizdir? AÇIQLAMA

ain.az bildirir, Olke.az portalına istinadən.

Yaz mövsümü ilə birlikdə bazarlarda alça, çiyələk kimi meyvələrin erkən görünməsi alıcıların diqqətini cəlb edir. Hələ təbii yetişmə dövrü tam başlamamış bu məhsulların rəngi, görünüşü və bol olması isə bir sual doğurur: bu meyvələr doğrudanmı təbiidir, yoxsa süni üsullarla yetişdirilib?

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib ki, mövsümi olmayan meyvələri özlüyündə zəhərli deyil.

Onun sözlərinə görə, amma onların yetişdirilməsində istifadə olunan pestisidlər, stimullaşdırıcılar və azotlu gübrələr bəzi risklər daşıyır:

"Əsas təhlükə meyvənin özündən çox, onda qala biləcək nitrat qalıqları və pestisid miqdarıdır.

Mövsümi olmayan meyvələr əsasən iki yolla əldə edilir. Bu meyvələr təbii günəş işığı və torpaq temperaturu kifayət etmədikdə, süni isidilən və nəmliyi idarə olunan istixanalarda yetişdirilir.

İstixanada bitki təbii günəş işığını az aldığı üçün fotosintez prosesi fərqli gedir. Nəticədə meyvədə şəkər və vitamin miqdarı mövsümi meyvəyə nisbətən aşağı, su miqdarı isə yuxarı olur. Sürətli böyümə üçün çox vaxt azotlu gübrələrdən normadan artıq istifadə edilir. Bu da meyvədə nitratların toplanmasına səbəb olur.

Meyvənin vaxtından tez çiçək açması və iriləşməsi üçün bəzən bitki hormonlarından istifadə olunur. Əgər çiyələk hədsiz böyükdürsə, içində boşluqlar varsa, qoxusu yoxdursa, böyük ehtimallla inkişaf stimullaşdırıcıları ilə yetişdirilib. Erkən çıxan alçalar adətən daxili bazara cənub bölgələrindən və ya xaricdən gətirilir".

A.Vəliyev qeyd edib ki, erkən mövsüm meyvələrin bəzi riskləri var:

"Orqanizmə düşən artıq nitratlar nitritlərə çevrilərək qanda hemoqlobinin oksigen daşıma funksiyasını pozur. Bu, xüsusilə uşaqlar üçün təhlükəlidir. Pestisid qalıqları və süni yetişdirilmə prosesində istifadə olunan maddələr allergik reaksiyaları kəskinləşdirə bilər. Tam yetişməmiş, ya kimyəvi müdaxilə görmüş meyvələr mədə-bağırsaq traktında qıcıqlanmaya səbəb ola bilər.

Əgər nəfsimizi mütləq mövsümi olmayan meyvəni alıb yeməlisən deyirsə, bir neçə məqama diqqət etməliyik. Həddindən artıq parıldayan, eyni ölçülü, simmetrik meyvələr çox vaxt intensiv kimyəvi emaldan keçmiş olur. Təbii çiyələyin ölçüləri müxtəlif olur. Özünəməxsus ətri olmalıdır.

Meyvələri sadəcə su ilə yaxalamaq kifayət etmir. Onları 15-20 dəqiqə soyuq suda saxlamaq nitratların və pestisidlərin miqdarını azalda bilər. Suyun içərisinə bir az soda əlavə etmək kimyəvi qalıqların təmizlənməsinə kömək edir. Ən sağlam meyvə, təbii günəş altında, öz vaxtında yetişən meyvədir. Üç yaşından kiçik uşaqlara, hamilə qadınlara və xroniki böyrək çatışmazlığı olan şəxslərə mövsümdən əvvəl satışa çıxarılan meyvələri vermək risklidir. Orqanizmin bu maddələrə qarşı həssaslığı daha yüksəkdir". 

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
olke.az

2Mənbələr