AZ

Bakıda “sifarişli” işıqforlar - Düyməni bas, yaşıl işığı yandır, yolu keç REPORTAJ

Bakı, 20 aprel, AZƏRTAC

Bakı şəhərində yol hərəkətinin intensivliyi günbəgün artır. Bu, həm piyadalar, həm də sürücülər üçün təhlükəsizlik məsələsini daha da аktuallaşdırır. Xüsusilə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə bir tərəfdən digər tərəfə keçid zamanı müəyyən çətinliklərin yaranması qəzalarla nəticələnə bilir. Məhz bu risklərin qarşısını almaq və hərəkəti daha təhlükəsiz şəkildə tənzimləmək məqsədilə paytaxtın müxtəlif yerlərində düyməli işıqforlar quraşdırılır. Bu işıqforların quraşdırılmasında əsas məqsəd həm piyadaların təhlükəsizliyini təmin etmək, həm də nəqliyyat axınının fasiləsizliyini qorumaqdır. Beləliklə, həm hərəkətin növbəliliyi təmin olunur, həm də qəza şəraiti aradan qaldırılır. Piyada düyməni sıxdıqda sistem nəqliyyatın vəziyyətini qiymətləndirir və təhlükəsiz keçid üçün müəyyən vaxtdan sonra yaşıl işığı yandırır.

AZƏRTAC-ın əməkdaşları paytaxtda hərəkətin intensivliyinin müşahidə edidiyi və düyməli piyada işıqforunun olduğu 8 Noyabr prospektinin Xaliq Əzizzadə küçəsi ilə kəsişməsində vəziyyəti müşahidə edib. Düyməli işıqforun piyadaların və sürücülərin hərəkətini yaxşılaşdırdığı müşahidə olunub.

Əvvəllər qəzalar çox olurdu, indi vəziyyət yaxşılaşıb

Piyada Səid Əliyev deyib ki, əvvəllər bu ərazidə vəziyyət təhlükəli olub: “İşıqfor olmadığına görə piyadalar yolu necə gəldi keçirdilər. İndi vəziyyət xeyli yaxşılaşıb. Çünki istənilən piyada işıqforun düyməsini basır, gözləyir, yaşıl işıq yanandan sonra təhlükəsiz şəkildə yolu keçə bilir. Bu həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi üçündür. Sürücülər bilirlər ki, qarşıda piyadalar üçün yaşıl işıq yanıb. Əvvəllər isə qaydalara əməl edilmirdi. Bu yolda qəzalar çox baş verirdi”.

Piyada, 63 nömrəli tam orta məktəbin IV sinif şagirdi Ömər Mehrəliyev bildirib ki, hər gün bu yoldan istifadə edir. Düyməli işıqfor quraşdırılandan sonra yolu rahat keçə bilir:”Qaydaya da əməl edirəm - düyməni basıram, gözləyirəm və yaşıl işıq yananda yolu keçirəm”.

Piyada, müəllim Nərgiz Məmmədova vurğulayıb ki, şagirdlər əvvəllər yolu keçməkdə çox çətinlik çəkiblər, indi isə vəziyyət normaldır:”Yol boş olsa da, işıqfordan istifadə edirik. Hər şey rahatlaşıb. Şagirdlərimizə də yol hərəkəti qaydalarını izah edirik. Onlara düyməli işıqforlardan istifadəni başa salmışıq”.

Piyada Famil Hacıxanov qeyd edib ki, yolda vəziyyət çox yaxşılaşıb: ”Ərazidə 63 nömrəli məktəb var. Düyməli işıqfor quraşdırılandan sonra məktəblilərin gəliş-gedişi asanlaşıb, onlar yolu nizamla keçirlər. Əvvəl şagirdlər yolu keçməkdə çətinlik çəkirdilər. Valideynlər nigaran qalırdılar. İndi hər şey qaydasındadır. Valideyn olmasa belə, şagird özü düyməni basıb, yolu keçə bilir. Eyni zamanda, nizamlayıcı siqnal var. Siqnal dəyişəndə də şagirdlər yolu keçirlər”.

Sürücü Azər Rzayev yolda düyməli işıqfor olmayan zaman tez-tez qəzaların baş verdiyini, indi isə hər şeyin qaydasında olduğunu bildirib: “Belə işıqforların quraşdırılması həm uşaqlar, həm də böyüklər üçün yaxşıdır. Burada yaxınlıqda məktəb var. Məktəblilər yolu rahat keçirlər”.

Sürücü Ruslan Abbasov düyməli işıqforun bu yolda quraşdırılmasından sonra avtomobilini rahat idarə etdiyini deyib: “Bilirəm ki, piyadalar yola çıxmayacaqlar. Belə işıqforların hərəkətin intensiv olduğu bütün yerlərdə quraşdırılması məqsədəuyğundur. Bu yolda çox qəzalar baş verirdi. İndi müşahidə edirəm ki, vəziyyət dəyişib”.

Sürücü Sahib Əliyev qeyd edib ki, əvvəllər işıqfor olmadığı üçün piyadalar yolu keçməkdə çətinlik çəkiblər, indi isə vəziyyət yaxşıdır:” Piyadalar yolu rahatlıqla keçə bilirlər. Düyməni basıb gözləyirlər, yaşıl işıq yananda keçirlər. Sıxlıq olan yerlərdə bu cür işıqforların quraşdırılması yaxşıdır. Əvvəllər sürət həddi çox olduğuna görə burada qəzalar olurdu, amma indi belə hadisələrin sayı azalıb”.

Düyməli işıqforların quraşdırılması davam etdiriləcək

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu ilin 3 ayı ərzində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif küçə və prospektlərdə piyada bölməli və piyada düyməli yeni işıqforlar quraşdırılaraq istifadəyə verilib: “Piyadalar piyada düyməsini sıxdıqda onlar üçün işıqforun yaşıl işığı yanır və təhlükəsiz şəkildə yolu keçirlər. Piyada bölməli və düyməli işıqforlar daha çox paytaxtın Səbail, Nəsimi, Xətai, Nərimanov, Qaradağ, Suraxanı və Nizami rayonları ərazisində həm mövcud olan işıqforlara quraşdırılıb, həm də ayrı-ayrılıqda müxtəlif kəsişmələr üzrə piyada düyməli və piyada bölməli işıqforlar quraşdırılıb. Təbii ki, işlər davam etdirilir, müxtəlif küçə və prospektlərdə monitorinqlər aparılır. Aidiyyəti qurumla birlikdə hərəkətin təşkilində dəyişiklik edilən yerlərdə də piyada düyməli və piyada bölməli işıqforların quraşdırılması işləri davam etdiriləcək”.

Ömər Xıdırov qeyd edib ki, istənilən halda - istər nizamlanan, istərsə də nizamlanmayan keçidlərdə piyadalar diqqətli olmalı, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər. “Təəssüflər olsun ki, bəzi piyadalar keçiddən istifadə zamanı qaydalara əməl etmirlər. Piyada keçidlərinin bir neçə metrliyində piyadalar yolu keçməyə çalışırlar. Belə olduğu təqdirdə, piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir. Bəzi hallarda isə ya sürücülər piyadalara yol vermirlər, ya da piyada keçidinin üzərində piyada vurulması halı baş verir. NİİM olaraq bir daha yol hərəkəti iştirakçılarına müraciət edərək bildiririk ki, piyadalar istənilən halda diqqətli olmalı, nizamlayıcının siqnallarına uyğun formada yolu keçməli, sürücülər də sürətlə avtomobili idarə etməməli, yol nişanlarının tələblərinə riayət etməli və keçidlərə yaxınlaşdıqda sürəti azaltmalıdırlar”.

Yeni işıqforların üstünlükləri

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov AZƏRTAC-a müsahibəsində düyməli işıqforların, başqa adla “sifarişli” işıqforların həm piyadaların təhlükəsizliyi və nizamla yolun hərəkət hissəsini keçməsi, həm də nəqliyyatın hərəkətinin təhlükəsizliyi və fasiləsizliyi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Bakıda, Sumqayıtda və digər yerlərdə çoxzolaqlı yollarda piyada keçidləri var: “Əgər həmin piyada keçidləri işıqforla tənzimlənmirsə, piyadalar deyək ki, 3-4 zolağı tənzimlənməyən, işıqforla nizamlanmayan keçiddən keçməli olurlar. Bu zaman yanaşı zolaqlarda hərəkət edən nəqliyyat vasitələrindən biri digərinin qarşısını kəsə, biri diqqətsiz ola bilər və s. Bu səbəblərdən isə piyadanın real təhlükəyə məruz qalması mümkündür. Bəzi yerlərdə, xüsusən də, təhsil müəssisələrinin, ticarət mərkəzlərinin, metro keçidlərinin yanlarında çoxlu piyada olur. Onlar nizamlanmayan piyada keçidini fasiləsiz keçirlər, nəqliyyatın hərəkəti iflic olur. Belə yerlərdə mütləq işıqforla tənzimləməyə ehtiyac yaranır. Yəni yolayrıcı olmasa da, həmin yerdə piyada keçidini işıqforla tənzimləmək lazım gəlir ki, piyadalar nizamla, təhlükəsiz keçsinlər, nəqliyyatın da hərəkətində fasiləsizlik yaranmasın. Bu cür məsələləri də həll etməyin ən yaxşı üsulu düyməli işıqforlardır”.

Ekspertin bildirdiyinə görə, “sifarişli” işıqforların özəlliyi odur ki, piyadalar ona toxunaraq siqnalı dəyişirlər. Bu zaman müəyyən müddət piyadalar üçün yaşıl işıq yanır, nəqliyyatın hərəkəti dayandırılır: “Amma növbəti piyada bunu təxminən bir dəqiqə yarımdan, iki dəqiqədən sonra təkrarlaya bilər. Yəni hər keçən piyada cihaza “sifariş” verib, nəqliyyatın hərəkətini iflic edə bilmir. Digər özəllik ondan ibarətdir ki, axşam və ya gecə saatlarında küçədə piyada olmadığı təqdirdə, məsələn, yarım saatdan sonra növbəti piyada gələcəksə, həmin müddət ərzində nəqliyyat üçün yaşıl işıq yanır. Yarım saatdan sonra piyada gəldikdə düyməni basır və keçir. Yəni piyada keçidi boş olduğu halda əbəs yerə nəqliyyatın hərəkəti dayandırılmır. Ona görə də belə düyməli işıqforların yolayrıcından kənar piyada keçidlərində olması çox yaxşıdır. Həm piyadaların təhlükəsizliyi, yəni onların yolun hərəkət hissəsini nizamla keçməsi təmin edilir, həm də nəqliyyatın hərəkətinin fasiləsizliyi təmin olunur”.

Düyməli işıqforların effektivliyi həm də piyadalardan asılıdır

Ərşad Hüseynov, həmçinin deyib ki, bəzən piyadaların qaydalara əməl etməməsinə rast gəlinir. Bu isə bəzi hallarda onların qaydaları bilməməsindən irəli gəlir:“Müşahidələr göstərir ki, bəzən işıqforun qırmızı işığında keçən piyadalar da var. Piyada intizamsızlığını müşahidə edirik. Bəzi hallar məlumatsızlıqdan da irəli gəlir”.

Mütəxəssislər onu da bildiriblər ki, piyadalar qaydaları öyrənməyə maraq göstərməli və onlara əməl etməlidirlər. Bu, düyməli işıqforların effektivliyini də artırmış olar.

Müxbir - Günel Türksoy
Fotoqraf - İlqar Cəfərov
Videoperator - Mirrəsul Cəfərov, Şövqi Əzizov
Seçilən
8
2
azertag.az

3Mənbələr