AZ

Ekspert: Azərbaycan gücə deyil, hüquqa əsaslanan yeni reallıq modeli ortaya qoyub

Bakı, 20 aprel, AZƏRTAC

Qlobal miqyasda artan geosiyasi gərginliklərin, münaqişələrin genişləndiyi və beynəlxalq təhlükəsizlik sisteminin həssaslaşdığı bir dövrdə çoxtərəfli əməkdaşlıq platformalarının rolu daha da aktuallaşır. Bu baxımdan, beynəlxalq qurumların fəaliyyəti yalnız iqtisadi və sosial inkişafın təşviqi ilə məhdudlaşmır, eyni zamanda, regional sabitliyin və qarşılıqlı etimad mühitinin formalaşmasına da töhfə verir.

Bu kontekstdə Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alın mesajlar göstərir ki, Azərbaycan həm beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə sadiqliyini qoruyur, həm də postmünaqişə dövründə regionda yeni əməkdaşlıq və inkişaf modelinin formalaşmasına aktiv şəkildə töhfə verir. Xüsusilə Cənubi Qafqazda son illərdə müşahidə olunan transformasiya, Azərbaycan-Ermənistan münasibətlərində normallaşma istiqamətində atılan addımlar, ticarət əlaqələrinin başlanması və qarşılıqlı etimadın artırılması regionun gələcək inkişaf trayektoriyasına yeni impuls verir.

Bununla bağlı AZƏRTAC-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elşad Həsənov bildirib ki, dünyada artan gərginliklər beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidlər yaradır və riskləri daha da artırır. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının son illərdə təsir gücünün müəyyən qədər zəiflədiyi müşahidə olunur. Bunun da obyektiv səbəbləri var.

E.Həsənov hesab edir ki, ilk növbədə böyük güclərin bu təşkilata münasibətində dəyişikliklər baş verib. Bu isə bəzi hallarda beynəlxalq qərarların icrasında çətinliklər yaradır və nəticədə qlobal miqyasda qarşıdurmaların dərinləşməsinə təsir göstərir. BMT Təhlükəsizlik Şurasının qərarlarının icrası ilə bağlı problemlər mövcuddur və bu, ümumilikdə beynəlxalq hüquq sisteminə inamı zəiflədir. Bu isə digər dövlətlərin də oxşar davranış modellərinə yönəlməsinə gətirib çıxarır.

Ekspertin fikrincə, dünyada daha ədalətli və cəlbedici yanaşma nümunələri də mövcuddur və bu baxımdan Azərbaycan xüsusi model ortaya qoyub: “Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında idi və ölkəmiz bu torpaqları azad etdi. Güclü ordusu ilə qələbə qazandı. Azərbaycan istəsəydi, daha irəli gedə bilərdi, lakin beynəlxalq hüquqa və öz strateji hədəflərinə uyğun şəkildə müharibəni dayandırdı. Hətta Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevə sual verilmişdi ki, niyə daha irəli getmədiniz? Prezident çox aydın cavab verdi: “Bizə öz torpaqlarımız lazımdır, artıq yox.” Bu yanaşma hüquqa əsaslanan, məqsədli və məhdud hərbi əməliyyat modeli kimi qiymətləndirilə bilər. Biz istəyirik ki, bu model digər ölkələr tərəfindən də tətbiq olunsun”.

O qeyd edib ki, Azərbaycan qalib dövlət olmasına baxmayaraq, Ermənistana qarşı revanşist siyasət aparmayıb. Əksinə, ilk olaraq sülh təşəbbüsü ilə çıxış edib, sülh müqaviləsinin maddələrini hazırlayıb. Bu maddələr ötən ilin avqust ayında Vaşinqtonda paraflanıb. Azərbaycan eyni zamanda Ermənistana humanitar və iqtisadi addımlar ataraq onun blokadadan çıxmasına şərait yaradıb. Bu gün artıq tərəflər arasında ticarət əlaqələri formalaşır, enerji və digər resursların daşınması həyata keçirilir. Regionda yeni reallıq yaranır və Azərbaycan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunmasına çalışır. Ermənistan da bu reallığı anlamağa başlayır və əməkdaşlığa maraq göstərir. Ermənistanın blokadadan çıxması, Türkiyə ilə münasibətlərin normallaşması bu prosesin tərkib hissəsidir. Azərbaycanın əsas məqsədi qonşu ölkələrlə normal münasibətlərin qurulması, regionda davamlı sülhün təmin olunması və iqtisadi inteqrasiyanın inkişafıdır.

Ekspert sonda vurğulayıb ki, Cənubi Qafqaz xalqları artıq münaqişələrdən yorulub: “İnkişaf üçün sülh şəraitində yaşamaq, qarşılıqlı inteqrasiyanı təmin etmək və iqtisadiyyatı inkişaf etdirmək vacibdir. Bu baxımdan, Azərbaycanın formalaşdırdığı yeni reallıq digər ölkələr üçün də müsbət və nümunəvi model hesab oluna bilər”.

Müxbir – Səbinə Əlizadə

 

Seçilən
6
azertag.az

1Mənbələr