AZ

"Xəstəxana daxilində pnevmoniya təhlükəsi" - Müalicə alanların DİQQƏTİNƏ

Avstraliyanın Avondale University alimləri müəyyən ediblər ki, xəstəxanada müalicə alan pasiyentlərin dişlərini müntəzəm fırçalaması xəstəxanadaxili pnevmoniyaya yoluxma riskini 60 faiz azaldır.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "European Society of Clinical Microbiology and Infectious Diseases" konqresində təqdim olunub.

Araşdırmada Avstraliyanın üç xəstəxanasından 8870 pasiyent iştirak edib. İştirakçılara mərhələli şəkildə diş fırçası, diş pastası və ağız boşluğu gigiyenası ilə bağlı təlimatlar verilib. Tibb işçilərinə də pasiyentlərə dişlərini fırçalamağı xatırlatmaq tapşırılıb.

Nəticələr göstərib ki, ağız boşluğuna müntəzəm qulluq edilən dövrlərdə xəstəxanadaxili pnevmoniya halları xeyli azalıb. Ümumilikdə, dişlərin mütəmadi təmizlənməsi xəstəliyə tutulma riskini təxminən 60 faiz aşağı salıb.

Tədqiqat rəhbəri Brett Mitchell bildirib ki, bunun səbəbi ağız boşluğundakı bakteriyalarla bağlı ola bilər. Həmin bakteriyalar tüpürcək damcıları vasitəsilə tənəffüs yollarına keçərək, xüsusilə zəifləmiş pasiyentlərdə infeksiya yarada bilər.

Mütəxəssislər qeyd edirlər ki, ağız boşluğuna qulluq xəstəxanalarda çox vaxt kifayət qədər qiymətləndirilmir. Halbuki bu sadə vərdiş müalicənin nəticələrinə ciddi müsbət təsir göstərə bilər.

Qeyd edək ki, xəstəxanadaxili pnevmoniya xəstəxanaya yerləşdirildikdən 48 saat sonra yarana bilən ən təhlükəli infeksiyalardan biri hesab olunur.

NURİYYƏ

Seçilən
14
1
redaktor.az

2Mənbələr