AZ

Çin–Avropa marşrutlarında Azərbaycanın rolu xüsusi vurğulanıb

Buxarest, 20 aprel, AZƏRTAC

Rumıniyanın “Stiripesurse” xəbər portalında dərc olunan materialda Çinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirmək və yeni ticarət marşrutları formalaşdırmaq istiqamətində planlarının gücləndiyi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, yazıda Pekinin qlobal iqtisadi rəqabətin artdığı şəraitdə Avropa bazarına çıxışı şaxələndirməyə çalışdığı, bu məqsədlə yeni logistika və nəqliyyat xətlərinin yaradılmasına xüsusi önəm verdiyi bildirilir. Bu yanaşma Çin iqtisadiyyatının ixrac imkanlarını genişləndirmək və tədarük zəncirlərinin daha dayanıqlı modelini formalaşdırmaq məqsədi daşıyır.

Qeyd olunur ki, Çin Avropaya çıxış üçün ənənəvi marşrutlarla yanaşı alternativ yollar üzərində də işləyir. Bu çərçivədə Orta Dəhliz və Cənubi Qafqaz üzərindən keçən istiqamətlər xüsusi əhəmiyyət qazanır. Məqalədə vurğulanır ki, bu marşrutlar həm geosiyasi risklərin azaldılması, həm də yükdaşımaların sürətləndirilməsi baxımından daha əlverişli hesab olunur.

Materialda Azərbaycanın da bu prosesdə rolu xüsusi qeyd olunur. Bildirilir ki, Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Çinlə Avropa arasında tranzit əlaqələrin inkişafında mühüm rol oynayır. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və Bakı–Tbilisi–Qars dəmir yolu xətti bu marşrutun əsas komponentləri kimi göstərilir.

Eyni zamanda vurğulanır ki, Çin üçün Avropa ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi yalnız ticarət deyil, həm də geoiqtisadi təsir imkanlarının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə yeni marşrutların formalaşdırılması Pekinin qlobal iqtisadi sistemdə mövqelərini gücləndirmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Məqalədə qeyd edilir ki, Avropa ilə Çin arasında iqtisadi əlaqələr son illərdə daha da intensivləşib və Çin artıq Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Beləliklə, Çin tərəfindən yeni iqtisadi marşrutların yaradılması təşəbbüsləri yalnız regional deyil, qlobal ticarət sisteminin gələcək strukturuna təsir göstərə biləcək mühüm geoiqtisadi proses kimi dəyərləndirilir.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Seçilən
1
2
azertag.az

3Mənbələr