AZ

“Müharibələr mövcud ittifaqların xarakterini dəyişdirir” POLİTOLOQ DANIŞDI

Sia Az saytına istinadən ain.az xəbər verir.

“Müasir dövrdə paralel şəkildə davam edən müharibələr beynəlxalq sistemin strukturunu tədricən dəyişdirir və uzun illər formalaşmış qaydaların yenidən nəzərdən keçirilməsinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, bu proses təkcə hərbi toqquşmalarla məhdudlaşmır, həm də siyasi, iqtisadi və ideoloji müstəvilərdə dərin transformasiyalar yaradır: ”Ən əsas dəyişikliklərdən biri qlobal güc balansının yenidən formalaşmasıdır. Qlobal səviyyədə vahid hegemon model zəifləyir, əvəzində daha parçalanmış və çoxqütblü sistem formalaşır. Dövlətlər artıq yalnız hərbi gücə deyil, enerji resurslarına, texnologiyaya, maliyyə imkanlarına və geoiqtisadi alətlərə əsaslanan yeni təsir mexanizmləri qurmağa çalışırlar.

Müharibələr həm də mövcud ittifaqların xarakterini dəyişdirir. Əvvəlki sabit bloklaşmalar yerini daha çevik, situativ və maraqlara əsaslanan tərəfdaşlıqlara verir. Bu isə beynəlxalq münasibətləri daha qeyri-müəyyən, daha dinamik və eyni zamanda daha riskli edir. Dövlətlər tez dəyişən geosiyasi şəraitə uyğun olaraq mövqelərini yenidən müəyyənləşdirməyə məcbur qalırlar.

Digər mühüm dəyişiklik idarəetmə və təhlükəsizlik anlayışının yenidən formalaşması ilə bağlıdır. Müasir müharibələr göstərir ki, klassik təhlükəsizlik yanaşması artıq yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Bu anlayış enerji təhlükəsizliyi, ərzaq təminatı, nəqliyyat xətləri, informasiya mühiti və texnoloji suverenlik kimi strateji sahələri də əhatə edir. Nəticədə dövlətlər daha dayanıqlı iqtisadi modellər qurmağa, daxili sabitliyi gücləndirməyə və xarici asılılıqları azaltmağa çalışırlar. Eyni zamanda beynəlxalq hüquq və beynəlxalq təşkilatların effektivliyi də ciddi şəkildə müzakirə mövzusuna çevrilir. Çünki bir çox hallarda real güc siyasəti normativ hüquqi çərçivələri üstələyir və qərarların icrası zəifləyir. Bu da beynəlxalq sistemdə etimad böhranı yaradır.

Bütün bu proseslərin nəticəsində dünya siyasəti daha rəqabətli, daha az proqnozlaşdırılan və daha yüksək risk daşıyan bir mərhələyə daxil olur. Dövlətlər üçün əsas çağırış isə bu dəyişən sistemdə öz mövqelərini qorumaq və yeni reallıqlara uyğunlaşmaqdan ibarət olur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
sia.az

2Mənbələr