Əgər, rəsmi Kiyev Macarıstanla münasibətlərdə real pozitiv dönüş yarada bilsə, bu, Ukraynanın Avropa Birliyinə inteqrasiya yolunu aça bilər... Ancaq Belarus istiqamətində artan hərbi aktivlik Ukraynanın hələ uzun müddət yüksək təhlükəsizlik riskləri ilə üz-üzə qalma ehtimalını da gücləndirir...
Ukrayna böhranı tədricən həlledici mərhələyə doğru yaxınlaşır. Bu baxımdan, Ukrayna ətrafında cərəyan edən son proseslər onu göstərir ki, rəsmi Kiyevin əsas fəaliyyəti artıq yalnız savaş meydanı ilə məhdudlaşmır. Çünki eyni zamanda, həm də siyasi-diplomatik və geopolitik platformalarda da paralel olaraq, intensiv şəkildə mübarizə aparır.
Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Kiyev üçün bir tərəfdən, Avropa Birliyinə inteqrasiya istiqamətində yeni imkanlar yaranmağa başlayır. Digər tərəfdən isə Belarus istiqamətində müşahidə olunan hərbi aktivlik Ukrayna üçün əlavə təhlükəsizlik riskləri vəd edır. Ona görə də, bu iki istiqamətin eyni vaxtda aktivləşməsi isə təsadüfi deyil və daha çox genişmiqyaslı geostrateji qarşıdurmanın tərkib hissəsi kimi görünür.
Məsələ ondadır ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiganın Macarıstanın yeni siyasi rəhbərliyinə göndərdiyi yüksək səviyyəli danışıqlar təklifi böyük maraq doğurur. Çünki əslində, bu rəsmi Kiyevin son vaxtlar formalaşdırdığı yeni siyasi-diplomatik xəttin açıq təzahürüdür. Uzun müddət idi ki, Macarıstanın keçmiş baş naziri Viktor Orbán Ukraynanın Avropa Birliyi ilə yaxınlaşma prosesində əsas əngəllərdən biri kimi çıxış edirdi. Və o, müxtəlif məsələlərdə veto imkanlarından istifadə edərək, bu prosesi ləngidirdi.
Bu baxımdan, ukraynalı nazirin “Macarıstanda dəyişən siyasi konyuktura yeni imkanlar yaradır” açıqlaması rəsmi Budapeştin mövqeyində müəyyən yumşalma ehtimalına işarə edir. Bu yumşalma isə ya ölkədaxili siyasi təzyiqlər, ya Brüssellə münasibətlərdə balans axtarışı, ya da Ukrayna məsələsində taktiki korrektələrlə bağlı ola bilər. Əgər, rəsmi Kiyev Macarıstan ilə münasibətlərini normallaşdıra bilsə, bu, Ukraynanın Avropa Birliyinə inteqrasiyası yolunda ən ciddi əngəllərdən birinin aradan qalxması anlamına gələcək.
Digər tərəfdən isə prezident Volodimir Zelenskinin son açıqlamaları Ukraynanın təhlükəsizlik mühitinin daha da mürəkkəb xarakter aldığını göstərir. Belə ki, Ukrayna kəşfiyyatının məlumatlarına görə, Belarus ərazisində hərbi aktivlik nəzərə çarpacaq dərəcədə artıb. Xüsusilə də, Belarusun Ukrayna ilə sərhədyanı bölgələrində hərbi infrastrukturun genişləndirilməsi, əlavə artilleriya mövqelərinin yerləşdirilməsi və ehtiyat zabitlərin isə hərbi xidmətə çağırılması kimi addımlar müşahidə olunur.
Bütün bu proseslərə paralel olaraq, Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən mobilizasiya ilə bağlı qərarların verilməsi regionda gərginliyi daha da artırır. Çünki rəsmi Minskin bu radikal davranışları Belarusun Ukrayna savaşındakı iştirak rolunun artma ehtimalı ilə bağlı şübhələri aktuallaşdırır. Bununla belə, rəsmi Kiyev mövcud vəziyyətin qiymətləndirilməsində ehtiyatlı yanaşmaya üstünlük verir. Çünki bir tərəfdən, Belarusun münaqişəyə daha aktiv şəkildə cəlb olunma ehtimalı hələlik nəzəri xarakter daşıyır. Və bu, həm də Ukrayna üçün şimal istiqamətində yeni hərbi cəbhənin açılma təhlükəsi demək olardı.
Digər tərəfdən isə daha real görünən ssenari Rusiyanın Belarus faktorundan daha çox strateji təzyiq aləti kimi istifadə niyyəti ilə bağlıdır. Bu halda, Kremlin əsas məqsədi Ukraynanın hərbi resurslarını bölmək, rəsmi Kiyevi şimal sərhədlərində əlavə qüvvələr saxlamağa məcbur etmək ola bilər. Və beləliklə, bu ssenaridə digər istiqamətlər üzrə Rusiyanın hərbi-taktiki üstünlüyünü təmin etmək o qədər də ciddi çətinlik yaratmaz.
Ona görə də, Belarus istiqamətində baş verənlərin arxasında Rusiya amilinin dayanmış ola biləcəyi demək olar ki, o qədər də şübhə doğurmur. Çünki Belarus uzun illərdir ki, Kremlin hərbi-strateji orbitində fəaliyyət göstərir. Üstəlik, Belarus artıq Rusiyanın regional təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan, prezident Aleksandr Lukaşenkonun atdığı son addımların Kremlin daha geniş regional planları ilə uzlaşmış ola biləcəyi ehtimal olunur.
Onu da nəzərə almaq lazımdır ki, Belarusun hərbi cəhətdən aktivləşməsi yalnız Ukraynaya deyil, eyni zamanda NATO və kollektiv Qərbə də dolayısı ilə xəbərfarlıq mesajı xarakteri daşıyır. Beləliklə, Ukraynanın eyni vaxtda həm Avropa istiqamətində siyasi-diplomatik fəallığını artırması, həm də Belarusdan gələn hərbi təhlükəyə hazırlaşması bir-birini tamamlayan paralel proseslərdir. Yəni, rəsmi Kiyev bir tərəfdən Qərblə inteqrasiyanı sürətləndirərək, siyasi-iqtisadi mövqelərini möhkəmləndirməyə çalışır. Və digər tərəfdən isə potensial yeni hərbi eskalasiyaya qarşı da hazırlığını gücləndirir.
Bütün bunlara qarşılıq olaraq isə Rusiya və Belarus tandemi Ukraynanın hərbi-siyasi resurslarını parçalamağa, təhlükəsizlik risklərini artırmağa çalışır. Belə ki, Kreml və rəsmi Minsk bununla Ukraynanın Avropa Birliyinə inteqrasiya imkanlarını dolayı yollarla zəiflətməyə cəhd göstərir. Və bütün bunların nəticəsində isə Ukrayna hazırda çoxqatlı, həm də olduqca mürəkkəb geopolitik mərhələdən keçmək məcburiyyətində qalmış kimi görünür.
Göründüyü kimi, bu həlledici mərhələdə Rusiya-Ukrayna qarşıdurması yalnız cəbhə xəttində deyil, həm də siyasi-diplomatik masalarda, geopolitik qərar mərkəzlərində və geostrateji planlaşdırma səviyyəsində davam edir. Əgər, rəsmi Kiyev Macarıstanla münasibətlərdə real dönüş yarada bilsə, bu, Ukraynanın Avropa Birliyinə inteqrasiyası yolunda ciddi irəliləyiş olacaq. Ancaq Belarus istiqamətində artan hərbi aktivlik Ukraynanı hələ uzun müddət yüksək təhlükəsizlik riskləri ilə üz-üzə qoya bilər. Və bu, Ukrayna savaşı ətrafında hərbi-siyasi gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()