Yazın gəlişi ilə evdə qarışqa probleminin artması təsadüfi deyil. Havanın isinməsi ilə bir çox həşərat kimi qarışqalar da daha fəal olur, bəzi növlər isə yazdan etibarən daha aktiv hərəkət etməyə və çoxalma mərhələsinə keçir. Buna görə də aprel ayından dən başlayaraq mətbəx, balkon, pəncərə kənarı və qapı ağzında onların daha tez-tez görünməsi mümkündür.
“Yeni Sabah” xəbər verir ki, qarışqaların evdə qəfil çoxalmasının əsas səbəbi təkcə mövsüm deyil.
Mütəxəssislər bildirirlər ki, bu həşəratlar qida, su və sığınacaq axtardığı üçün evə daxil olur, sonra isə digər qarışqalar da eyni marşrutu tapmaq üçün kimyəvi izdən istifadə edir. Yəni bir dəfə yol tapıblarsa, həmin xətt qısa müddətdə “qarışqa yolu”na çevrilə bilir.
Ev şəraitində ən çox istifadə olunan təbii üsullardan biri sirkəli sudur. Sirkə və su qarışığı qarışqa izlərini müvəqqəti poza bilir, bu da onların eyni xətt üzrə hərəkətini zəiflədə bilər. Stol üstü, mətbəx döşəməsinin kənarları, pəncərə altı, dolab arası və qarışqaların sıra ilə hərəkət etdiyi sahələr bu məhlulla silindikdə ilk gündən azalma hiss oluna bilər.
Qarışqa ilə mübarizədə əsas məsələ qida və su mənbəyini aradan qaldırmaqdır. Açıq qalan şəkər, bal, çörək qırıntısı, ev heyvanı yemi, yuyulmamış qab, hətta şirin içki qabı belə onları cəlb edə bilir. Buna görə ərzaqların kip qablarda saxlanması, səthlərin silinməsi, zibilin vaxtında atılması əsas addım sayılır.
Ən çox yayılan məsləhətlərdən biri də nanə, limon, portağal qabığı, darçın və digər kəskin qoxularla qarışqanı qovmaqdır. Burada müəyyən həqiqət payı var, amma möcüzəvi həll yolu deyil.
Buna görə təbii üsullarda ən məntiqli yanaşma belə görünür: əvvəlcə qarışqa izi sirkəli su ilə silinir, daha sonra qida qalıqları tam təmizlənir və evə giriş ehtimalı olan yerlər bağlanır. Çatların tutulması, qapı-pəncərə kənarlarının yoxlanması, boru keçidlərinin bağlanması və evə dəyən ağac-budaqlarının kəsilməsi qarışqaların yenidən içəri girməsinin qarşısını almağa kömək edir. Mütəxəssislər bunu uzunmüddətli nəticə verən ən vacib addımlardan biri hesab edir.
Əgər qarışqalar hər gün eyni yerdən yenidən görünürsə, bu, yuvanın evə çox yaxın olması ehtimalını artırır. Xüsusən iri qarışqalar, gecə fəallığı və ya divar, taxta, rütubətli hissələr ətrafında davamlı hərəkət müşahidə olunursa, məsələ adi mətbəx qarışqasından daha ciddi ola bilər. Belə hallarda problem sadəcə səthdə görünən qarışqalar yox, yuvanın özü ola bilər.
Qısası, yaz aylarında, xüsusən də apreldə qarışqaların artması normaldır. Evdə təbii həll axtaranlar üçün ən işlək yol sirkəli su ilə izi pozmaq, qida və su mənbəyini aradan qaldırmaq, sonra isə giriş nöqtələrini bağlamaqdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız