AZ

Əşyaların öz hekayəsini “pıçıldadığı” məkandan REPORTAJ

Bakı, 18 aprel, AZƏRTAC

Zamanın izlərini daşıyan əşyaların səssiz dili var. Bu gün üz tutduğumuz məkan isə sanki keçmişlə bu gün arasında qurulan bir körpüdür. Əntiq əşyalar mağazasında hər detal bir xatirəni, hər köhnə əşya isə bir hekayəni yaşadır. Ötən əsrlərə aid saatlar, fotoaparatlar, kameralar, telefonlar, cürbəcür suvenirlər, pullar, sikkələr, samovarlar, zinət əşyaları, vaxtilə dəbdə olan ətirlər. Burada keçmişin izini özündə daşıyan hər cür əşyaya rast gəlmək mümkündür. Bura adi mağaza deyil, hər bir əşyanın müştərini dayandırıb öz hekayəsini “pıçıldamaq” istədiyi bir məkandır. Biz isə indi həmin səsləri dinləməyə gəlmişik.

Mağazanın sahibkarı Bəxtiyar Abdullayev AZƏRTAC-a bildirib ki, mağazada həm satış, alış, həm də sərgi həyata keçirilir.

"Əşya sayı 5-7 min, bəlkə də 10 minə yaxındır. Burada müxtəlif dövrlərə və fərqli ölkələrə aid olan əşyalarımız var. Osmanlı, Səfəvilər dövrünə, V-VI əsrə aid olan qəpiklərdən tutmuş 1990-cı illərə qədər müxtəlif əşyalar mövcuddur. Unikal əşyalarımız var, onlar da özümüz üçündür. Məsələn, VI əsrə aid olan sikkə pullar, Osmanlı dövrünə aid ştamplar, gümüşdən olan bilərziklər, bəzi zinət əşyaları var ki, onlar sırf bizə aiddir. Ola bilsin ki, ölkə üzrə tək bizdədir, başqa yerdə olduğunu eşitməmişəm. Həmin əşyaları satmırıq, sadəcə olaraq özümüz üçün saxlayırıq.

Alıcıların daha çox hansı əşyalara üstünlük verməsinə gəlincə, hər kəsin bir zövqü var. Bəzi vətəndaşlar var ki, saatlara, bəziləri ətirlərə, bir qismi samovarlara, digər bir hissəsi təsbehlərə üstünlük verir".

Əntiq əşyalar mağazası sübut edir ki, bəzi əşyalar köhnəlmir, əksinə, zaman keçdikcə daha da qiymət qazanır. Buradakı hər əşya isə illərin səssiz şahidi kimi öz keçmişini qoruyub saxlayır.

Müxbirlər - Göyçək Mahmudlu, Alvina Həsənova, Nəzrin Qurbanova
Videooperator - Ceyhun Mustafayev
Fotoqraf - Azər İbrahimov
Seçilən
21
azertag.az

1Mənbələr