ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Aprelin 17-də Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şuranın 2026-2028-ci illər üçün Fəaliyyət Planı ətraflı müzakirələrdən sonra qəbul edilib.
DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev 2026-2028-ci illər üçün Fəaliyyət Planını “Bizimyol.info”ya şərh edərkən vurğulayıb ki, bu, formal sənəd təsiri bağışlamır: “Əksinə, sənədin məzmununa diqqət yetirəndə görünür ki, burada məqsəd təkcə fəaliyyətlərin siyahısını tərtib etmək yox, dövlət–cəmiyyət münasibətlərinə praktik məzmun qazandırmaqdır. Bu isə artıq yanaşmanın dəyişdiyini göstərir”.
Hüquqşünas bildirir ki, DİN yanında İctimai Şura özünü yalnız müşahidəçi kimi görmür. Onun sözlərinə görə, xüsusilə gənclərlə iş, narkomaniya, kibercinayətkarlıq və məişət zorakılığı kimi məsələlərin prioritet kimi müəyyən edilməsi göstərir ki, məqsəd hadisələr baş verəndən sonra reaksiya vermək deyil, riskləri əvvəlcədən azaltmaqdır: “Bu, artıq klassik “reaktiv” yanaşmadan uzaqlaşmaq deməkdir”.
Bununla belə, Əliməmməd Nuriyev onu da etiraf edir ki, bu cür planların dəyəri onların necə yazılmasında yox, necə icra olunmasındadır: “İctimai Şuralar uzun müddət formal institut kimi qəbul edilibsə, bunun səbəbi sənədlərin zəifliyi deyil, icra ilə nəticə arasında boşluğun olmasıdır. Bu boşluq aradan qaldırılmasa, ən yaxşı plan belə, kağız üzərində qalacaq”.
Əliməmməd Nuriyev hesab edir ki, Fəaliyyət Planının əməkdaşlıq modelinə yanaşması real görünür. Onun fikrincə, DİN, təhsil müəssisələri, yerli icra hakimiyyətləri və vətəndaş cəmiyyəti ilə əlaqələrin nəzərdə tutulması doğru istiqamətdir. Amma burada əsas sual qalır: bu əməkdaşlıq mexanizmi konkret necə işləyəcək: “Sadəcə, tədbirlər keçirmək kifayət deyil. Qarşılıqlı məsuliyyət və ölçülə bilən nəticə olmalıdır. Əks halda, “əməkdaşlıq” anlayışı yenə də ümumi ifadə kimi qalacaq. Monitorinq və ictimai nəzarət hissəsi planın ən həssas nöqtəsidir. Polis fəaliyyətinə ictimai baxışın təmin olunması, vətəndaş müraciətlərinin təhlili kimi müddəalar düzgün istiqaməti göstərir. Amma burada prinsipial məsələ var: bu proses formal hesabat xarakteri daşımamalıdır. Əgər monitorinq nəticələri real qərarlara təsir etməyəcəksə, bu mexanizm ictimai etimadı artırmaq əvəzinə, əksinə, suallar doğura bilər”.
Hüquqşünasın sözlərinə görə, ictimai dinləmələrin təşkili də müsbət addımdır. Xüsusilə polis-vətəndaş münasibətləri kimi həssas mövzuların açıq müzakirəyə çıxarılması vacibdir. Lakin bu dinləmələr “dinlədik və bitdi” formatında olmamalıdır.
Kommunikasiya məsələsində plan daha müasir görünür. Sosial şəbəkələrdə aktivlik, məlumatlandırma və analitik materialların hazırlanması düzgün istiqamətdir: “Burada da incə bir xətt var: kommunikasiya yalnız imicin yaxşılaşdırılmasına xidmət etməməlidir. Əgər real problemlər gizlədilirsə və ya yumşaldılırsa, bu, qısa müddətdə etimadı artırsa da, uzun müddətdə əks effekt verir”.
Əliməmməd Nuriyev əlavə edib ki, təqdim olunan Fəaliyyət Planı artıq İctimai Şuranın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Bu sənəd düzgün icra olunduğu təqdirdə real nəticələr doğura biləcək aydın və sistemli yol xəritəsidir: “Həlledici məqam ondan ibarətdir ki, bu yanaşma real fəaliyyətə çevrilsin. Mənim qənaətimə görə, bu prosesdə əsas rolu Daxili İşlər naziri Vilayət Eyvazovun ictimai iştirakçılığa münasibəti, ictimai rəyə olan etimadı və məsələlərin açıq müzakirəsinə verdiyi dəstək oynayır. Məhz bu iradə Fəaliyyət Planının formal sənəd olaraq qalmamasını, praktik nəticələrə çevrilməsini təmin edən əsas amildir. Əgər bu qarşılıqlı etimad və əməkdaşlıq mühiti qorunarsa, əminliklə demək olar ki, Fəaliyyət Planı nəzərdə tutulduğu kimi uğurla icra olunacaq. Bu isə bir tərəfdən Daxili İşlər Nazirliyinin fəaliyyətinə əlavə dəyər qatacaq, digər tərəfdən isə İctimai Şuraların fəaliyyətinin necə qurulmalı olduğuna dair nümunəvi və işlək model formalaşdıracaq. Bu baxımdan sənədin perspektivi kifayət qədər müsbət və ümidvericidir”.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.