AZ

Sabirabadda eyni gündə iki ölüm - təsadüf, yoxsa gizli əlaqə?

Sabirabad rayonunda eyni gün, cəmi bir neçə saat fərqlə – biri 18 yaşlı qız, digəri isə 16 yaşlı oğlanın ölüm xəbəri gəlib. Hadisələrin ardıcıllığı və oxşar şəraiti ictimaiyyətdə haqlı olaraq bir sual doğurur. Bu sadəcə təsadüfdür, yoxsa ölümlər arasında görünməyən bir bağlılıq var?

Aprelin 15-də 14 radələrində Qaragüney kəndində 2008-ci il təvəllüdlü Nuranə Əliyevanın meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar olunub. Hadisənin detalları açıqlanmasa da, yerli sakinlərin sosial şəbəkələrdə yazdıqları bu ölümün adi hadisə olmadığını göstərir. Bəzi istifadəçilər iddia edir ki, qızın son günlərdə psixoloji gərginlik yaşadığı barədə şayiələr dolaşırdı. Digərləri isə bu iddiaları təkzib edərək, hadisənin daha ciddi səbəblərlə bağlı ola biləcəyini yazır.

Hələ birinci hadisənin şoku keçməmiş, saat 17 radələrində Sabirabadın Güdəcühür kəndindən ikinci ölüm xəbəri gəldi. Bu dəfə 2009-cu il təvəllüdlü Aydın Kərimovun meyiti yaşadığı evin həyətində aşkar edildi. Sosial mediada yayılan ilkin reaksiyalar dərhal bu iki hadisə arasında paralellər aparmağa əsaslandı. “Eyni gün, eyni rayon, eyni şərait – bu necə təsadüf ola bilər?” kimi suallar paylaşımlarda dominant mövzuya çevrildi.

Hadisədən sonra “Facebook”, “TikTok” və yerli xəbər platformalarında müxtəlif – bəzən bir-birinə zidd versiyalar səsləndirilməyə başladı. Bəzi istifadəçilər bu ölümlərin şəxsi münasibətlər fonunda baş verdiyini iddia edir, digərləri hər iki gəncin bir-birini tanıdığı ehtimalını irəli sürür. Xüsusilə diqqət çəkən məqam odur ki, hər iki meyitin evin həyətində tapılması bu hadisələrə əlavə müəmmalılıq qatır. Yerli media orqanları hadisəni qısa və faktoloji şəkildə təqdim etməklə kifayətlənib.

Rəsmi açıqlamalarda hər iki fakt üzrə rayon prokurorluğunda araşdırmanın aparıldığı bildirilir. Lakin ölüm səbəbləri, ilkin ekspertiza nəticələri və ya hər hansı əlaqə barədə məlumat verilməyib. Bu isə informasiya boşluğu yaradır və həmin boşluğu sosial şəbəkələr şayiələrlə doldurur. İki gəncin eyni gündə, eyni rayonda və oxşar şəraitdə həyatını itirməsi sıradan hadisə kimi qəbul edilə bilməz. Bu, ya nadir təsadüfdür, ya da hələ üzə çıxmayan bir həqiqətin parçası. Hazırda bütün diqqətlər istintaqın nəticələrinə yönəlib. Bu ölümlər arasında əlaqə varmı? Gənclərin ölüm səbəbi nədir? Hadisələrdə üçüncü şəxslərin rolu olubmu? Suallar çox, cavab isə hələ ki, yoxdur.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr