ABŞ-də yaşayan Rene Conson ev üsulu ilə hazırlanan yeməklər əsasında qurduğu iaşə xidməti ilə böyük uğur əldə edib.
Musavat.com xəbər verir ki, o, ailəsindən, öyrəndiyi reseptlər əsasında sifarişlə yemək hazırlanması və çatdırılması xidməti yaradıb.
Məlumata görə, bu xidmət əsasən ofislər və iri şirkətlər üçün yemək təminatını əhatə edir və hazırda ona ildə təxminən 1 milyon dollar qazandırır. Rene Conson bu sahədə heç bir peşəkar kulinariya təhsili almadan biznes qurmağı bacarıb.
Qeyd olunur ki, onun 2020-ci ildə başladığı ilk layihə uğursuz olub. Lakin o, geri çəkilməyərək fəaliyyətini yenidən qurub və daha düzgün strategiya ilə bazara qayıdıb.
Sonradan o, iri şirkətlərlə əməkdaşlığa başlayıb və müştəriləri arasında Google kimi nəhənglərin də olduğu bildirilir.
Hazırda Rene Conson yalnız bizneslə kifayətlənmir, eyni zamanda başqalarına da ev yeməkləri üzərindən necə qazanc əldə etməyi öyrədir və bu istiqamətdə təlimlər keçir.
Musavat.com