AZ

PA rəsmisi: Azərbaycan hər zaman etibarlı tərəfdaş olub

BAKI, 17 aprel. TELEQRAF

Azərbaycan enerji təchizatını sabit şəkildə təmin edən bir mövqedədir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Panel sessiyada deyib.

O bildirib ki, eyni zamanda enerji təchizatı sahəsində imkanlarımızı daha da inkişaf etdirməyə çalışırıq:

"Türkiyə ilə birlikdə Azərbaycanın bu sahədə sürət qazanmasına yönəlmiş bir əməkdaşlıq modeli formalaşdırılır və bu, kifayət qədər uğurlu bir modeldir. Türkiyə və Azərbaycan bu modeli gələcəkdə digər ölkələrdə də fərqli formalarda tətbiq edə bilər və qlobal enerji təchizat xətlərinin inkişafı üçün istifadə edə bilər.

Bununla yanaşı, müşahidə edirik ki, xüsusilə enerji təhlükəsizliyi məsələsində qlobal tendensiyalar müəyyən qədər həssasdır. Eyni zamanda bərpa olunan enerji sahəsində də ciddi potensialımız var. İxrac baxımından da böyük imkanlarımız mövcuddur. Yəni Azərbaycanda mövcud olan enerji resurslarını Avropa bazarına çıxara bilərik və bunun reallaşdırılması üçün işlər davam edir.

Eyni şəkildə Mərkəzi Asiyadakı tərəfdaşlarımızla da oxşar layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət aparılır. Azərbaycan hər zaman etibarlı tərəfdaş olub - bunu xüsusilə vurğulamaq istəyirəm.

Bundan əlavə, qlobal logistika və enerji xətləri baxımından Azərbaycan tranzit ölkə kimi mühüm rol oynayır və bu mövqeyini daha da gücləndirir. Xüsusilə Orta Dəhlizi nəzərə aldıqda, Azərbaycan bu sahədə həqiqətən çox önəmli bir rol oynayır"

Seçilən
26
1
teleqraf.com

2Mənbələr