Bakı, 17 aprel, AZƏRTAC
Türkiyədə keçirilən V Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirilən fikirlər regionda sabitlik və təhlükəsizliyin təmin olunması üçün yeni yanaşmaların aktuallığını bir daha göstərir. Türkiyənin münaqişələrə münasibətdə diplomatiyanı ön plana çəkməsi, eyni zamanda NATO üzvü, Avropa İttifaqına namizəd ölkə kimi Qərb strukturları ilə əməkdaşlığı davam etdirməsi və paralel olaraq Türk Dövlətləri Təşkilatı, İslam dünyası və digər regional platformalarda fəal iştirakı çoxşaxəli və balanslı xarici siyasətin nümunəsi kimi diqqət çəkir.
Bu kontekstdə Azərbaycanın da balanslı və çoxvektorlu siyasət yürütməsi, regional təşəbbüslərdə aktiv iştirakı və xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində koordinasiyalı fəaliyyət göstərməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir. Hər iki ölkənin qarşılıqlı dəstəyi və ortaq strateji baxışı regionda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm faktor kimi çıxış edir.
AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, əslində Türkiyə-Azərbaycan strateji baxışları və hədəfləri həm oxşar, həm də bir-biri ilə sıx əlaqəlidir.
“Məsələn, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi paralel olaraq Türkiyə siyasətində də prioritetdir. Bu, həm iqtisadi, həm də siyasi prizmadan Ankaranın maraqlarını əhatə edir. Azərbaycandan Avropaya uzanan və bir sıra analitiklər tərəfindən “həyat xətti” kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Xəzəryanı bölgədən başlayaraq Türkiyə üzərindən Avropaya qədər uzanır. Bu uzunmüddətli enerji xətti bu gün dünyada mövcud olan geosiyasi gərginlik fonunda Avropa tərəfdaşları üçün olduqca həyati əhəmiyyət daşıyır”, -deyə o qeyd edib.
Elnur Ənvəroğlu deyib ki, Azərbaycan və Türkiyəni bir-birinə yaxınlaşdıran amillər yalnız qardaşlıq dəyərləri, ortaq tarix və mədəniyyət deyil, eyni zamanda, müasir çağırışlar fonunda uzlaşan milli maraqlardır. Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirilən mesajlar göstərir ki, mövcud geosiyasi reallıqlarda təkcə hərbi güc deyil, diplomatik çeviklik, çoxtərəfli əməkdaşlıq və strateji balans siyasəti daha davamlı nəticələr yaradır. Bu baxımdan, Türkiyənin çoxşaxəli xarici siyasəti ilə Azərbaycanın balanslı və əməkdaşlığa əsaslanan yanaşmasının sintezi region üçün yeni təhlükəsizlik modelinin əsasını qoya bilər. Türkiyə NATO üzvü kimi trans-Atlantik təhlükəsizlik sisteminin bir hissəsidir və eyni zamanda, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və İslam dünyası ilə geniş əlaqələrə malikdir. Bu isə Ankaraya müxtəlif güc mərkəzləri arasında dialoq körpüsü rolunu oynamaq imkanı verir. Azərbaycan isə həm Türk dünyasında, həm Qoşulmama ənənəsində, həm də enerji və nəqliyyat diplomatiyasında etibarlı tərəfdaş kimi çıxış edir. Bakının müxtəlif güc mərkəzləri ilə praqmatik münasibətləri onu regionda sabitləşdirici aktora çevirib”, – deyə ekspert bildirib.
Sonda Elnur Ənvəroğlu vurğulayıb ki, Ankara ilə Bakının ortaq strateji baxışı əməkdaşlıq üzərində qurulub və bu model qarşılıqlı fayda prinsipini gücləndirir: “Türkiyənin qlobal diplomatik manevr imkanları ilə Azərbaycanın regional praqmatizmi birləşərsə, Cənubi Qafqazda xarici asılılıqlardan daha az təsirlənən, iqtisadi bağlılığa əsaslanan və siyasi dialoq üzərində qurulan uzunmüddətli təhlükəsizlik modeli formalaşa bilər. Bu, yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm strateji fürsətdir”.
Müxbir – Səbinə Əlizadə