AZ

Naxçıvanda 3 yeni imtahan mərkəzi yaradılıb

Naxçıvan, 17 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda elektron qaydada imtahanların təşkili üçün 3 yeni imtahan mərkəzi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni yaradılan imtahan mərkəzləri Naxçıvan şəhər 10 və 11 nömrəli tam orta məktəblərdə, həmçinin Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərəcək. Bu mərkəzlərdə, ümumilikdə, 418 təhsilverənin imtahan verməsi üçün şərait yaradılıb. Belə ki, Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb 108, 11 nömrəli tam orta məktəb 150, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi isə 160 yerlikdir. Bundan əlavə, artıq fəaliyyət göstərən 302 yerlik Naxçıvan şəhər 4 nömrəli tam orta məktəb də daxil olmaqla, ümumilikdə eyni anda 720 təhsilverənin imtahan verməsi mümkün olacaq.

Bütün mərkəzlər zəruri maddi-texniki baza ilə təmin olunub. Belə ki, yeni mərkəzlərdə imtahanların keyfiyyətli təşkili üçün 420 yeni kompüter verilib. Eyni zamanda daimi elektrik təchizatının təmin olunması məqsədilə 3 mərkəzin hər birində generator quraşdırılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün mərkəzlərdə müasir tələblərə cavab verən elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb. Bununla yanaşı, yeni mərkəzlər 418 ədəd stol və stulla da təmin edilib.

Qeyd edək ki, mayın 2–3-də və 10–11-də Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə və yeni yaradılan mərkəzlərdə təşkil olunacaq. Prosesdə ümumilikdə 2779 müəllimin iştirakı nəzərdə tutulub.

Müxbir- Nail Əsgərov
Seçilən
21
50
azertag.az

10Mənbələr