AZ

ABŞ-lı müğənni D4vd qətl ittihamı ilə həbs olundu

ABŞ-lı müğənni D4vd qətl ittihamı ilə həbs olundu

"Romantic Homicide" mahnısı ilə tanınan 21 yaşlı amerikalı müğənni D4vd (Devid Entoni Berk) 14 yaşlı qızın öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində Los-Ancelesdə həbs edilib.

AFN.az xəbər verir ki, müğənni hazırda girov müqabilində sərbəst buraxılma hüququ olmadan nəzarətdə saxlanılır.

Ötən ilin sentyabr ayında Los-Ancelesdəki bir dayanacaqda tərk edilmiş "Tesla" markalı avtomobilin yük yerindən kəskin qoxu gəlməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırma zamanı yük yerindəki qara çantanın içərisində parçalanmış və çürüməyə başlamış meyit tapılıb. Məhkəmə-tibbi ekspertizası nəticəsində cəsədin 2024-cü ildən itkin düşmüş 14 yaşlı Selesta Rivas Hernandeze aid olduğu müəyyən edilib.

Selesta Hernandezin cəsədinin tapıldığı avtomobilin müğənni D4vd-nin adına qeydiyyatda olduğu üzə çıxdıqdan sonra onun barəsində gizli böyük münsiflər heyəti tərəfindən istintaq başladılmışdı. Gənc qızın bədəninin hissələrə ayrılaraq çantalarda gizlədildiyi təsbit edilib. Hernandezin ailəsi qızlarının "Devid" adlı bir oğlanla münasibətdə olduğunu və onların birlikdə fotoşəkillərinin olduğunu iddia edib.

Avtomobilin tərk edildiyi məkan və rəqəmsal məlumatlar üzərində araşdırmanı dərinləşdirən Los-Anceles Polisi (LAPD) Devid Berki əsas şübhəli kimi müəyyən edib. Müğənninin vəkilləri isə verdikləri açıqlamada müvəkkillərinin Selesta Hernandezin ölümündə heç bir günahının olmadığını və onun günahsızlığını sübut edəcəklərini bildiriblər.

Vəkillər hələlik rəsmi ittihamnamənin hazırlanmadığını, Berk-in sadəcə şübhə əsasında saxlanıldığını vurğulayıblar. İşin bazar ertəsi günü Los-Anceles dairə prokurorluğuna təqdim ediləcəyi gözlənilir. Qeyd edək ki, cəsədin tapıldığı dövrdə müğənni dünya turunda olsa da, hadisənin üstü açıldıqdan sonra  turun ABŞ mərhələsini ləğv etmişdi.

Seçilən
16
afn.az

1Mənbələr