AZ

Bir zamanların sərfəli dəbi: İndi yaribayarı azalıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycana 339 milyon 631 min dollar dəyərində 15 351 ədəd avtomobil idxal olunub. 

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə say baxımından 33,1% və ya 7 585 ədəd azdır. Hesabat dövründə ölkəyə idxal olunan yalnız elektrik mühərrikli nəqliyyat vasitələrinin də sayında azalma qeydə alınıb. 

Belə ki, bu kateqoriya üzrə idxal illik müqayisədə 30,1% və ya 129 ədəd azalaraq 7 milyon 898 min dollar təşkil edib. 

Elektrikli avtomobillərin idxalı niyə 30% azalıb? 

“Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ümumilikdə demək olar ki, azalma təxminən yarıbayarıdır. O qeyd edib ki, yəni həm işlənmiş avtomobillərin, həm də yeni avtomobillərin idxalında azalma var: 

“Bu azalmanın əsas səbəbi tələbatın zəifləməsidir. Tələbatın zəifləməsinin isə müxtəlif səbəbləri var. Məsələn, yeni hibrid avtomobillərin idxalı zamanı tətbiq olunan əlavə dəyər vergisi üzrə güzəştlərin müddəti başa çatıb. 

Bundan əlavə, ölkə daxilində kreditlə yeni avtomobil alma qaydaları sərtləşdirilib. Vətəndaşlar bir çox hallarda avtokredit ala bilmirlər. Yəni bu məsələlər də var. Eyni zamanda, köhnə avtomobillərin idxalı demək olar ki, qadağan olunub. 

Yaşı 10 ildən çox olan avtomobillərin idxalına ciddi məhdudiyyətlər tətbiq olunur. Həmçinin yaşı 7 ildən çox olan avtomobillər idxal edilərkən onların mühərrik həcminə görə aksiz vergiləri artırılıb. Bütün bu amillər bazara öz təsirini göstərir”. 

Nəqliyyat eksperti vurğulayıb ki, elektromobillərə maraq artıq ötən ildən azalıb: 

“Bunun əsas səbəblərindən biri bu nəqliyyat vasitələri üçün zəruri infrastrukturun yetərli olmamasıdır. Yəni enerji doldurma məntəqələrinin sayı kifayət qədər deyil və əsasən Bakı və Abşeron ərazisində cəmləşib. 

Ölkənin digər şəhər və rayonlarında isə bu cür məntəqələr çox azdır. Olan yerlərdə isə enerji təminatı ilə bağlı problemlər var. Bu da elektromobillərin ölkəyə idxalına birbaşa təsir edir”. 

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr