AZ

Mütəxəssis xəbərdarlıq edir: Quzuların erkən kəsilməsi heyvandarlığın damazlıq potensialını azaldır

Gəncə, 17 aprel, AZƏRTAC

Ölkəmizdə bir çox təsərrüfatlarda quzular hələ tam inkişaf mərhələsinə çatmadan kəsimə göndərilir. Mütəxəssislər bildirirlər ki, erkən kəsim həm ətin keyfiyyətinə, həm də heyvandarlığın davamlılığına ciddi təsir göstərir. Dünyada ərzaq təchizatının aktual olduğu bir dövrdə bu problem təkcə bir təsərrüfatın deyil, ümumilikdə, kənd təsərrüfatı sektorunun diqqət yetirməli olduğu vacib məsələlərdən biridir.

Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakültəsinin dekanı, Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki, professor Qənbər Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, quzuların tam inkişaf mərhələsinə çatmadan kəsilməsi həm heyvanların bioloji dövrünü yarımçıq qoyur, həm də gələcək damazlıq potensialının azalmasına səbəb olur.

“Xüsusilə, ictimai iaşə obyektlərində quzuların 2-3 aylığında kəsilib istifadə olunması hallarının şahidi oluruq. Biz quzuların heç olmasa, 6-7 aylığında kəsilməsinin tərəfdarıyıq və bu ətlər daha keyfiyyətli sayılır. Erkən kəsim respublikamızda heyvanların baş sayının azalmasına gətirib çıxarır,” – deyə mütəxəssis xəbərdarlıq edib.

Məhz bu kimi halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyaya start verilib. Agentlik tərəfindən yayılan məlumatda bildirilir ki, son dövrlərdə ölkədə qaramalın 6–9 aylıq, qoyunların isə 3–5 aylıq yaşda kəsilməsi ənənəvi hala çevrilib. Bu isə həmin heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması ilə nəticələnir və ümumilikdə istehsal göstəricilərinin aşağı düşməsinə səbəb olur.

Kampaniya çərçivəsində iri və xırdabuynuzlu heyvanların erkən kəsiminin qarşısının alınması məqsədilə geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. Bu istiqamətdə bukletlər, broşürlər, posterlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Mütəxəssislər hesab edirlər ki, bu cür maarifləndirici addımlar həm fermerlərin məlumatlılığını artıracaq, həm də ölkədə heyvandarlığın daha dayanıqlı inkişafına töhfə verəcək.

Qeyd edək ki, tanınmış ictimai xadimlər, elm adamları, beynəlxalq təşkilatların nümayəndələri də bu təşəbbüsə qoşularaq çağırış edirlər. Layihəyə qoşulanlar quzuların erkən kəsimin qarşısının alınmasının vacibliyini müxtəlif aspektlərdən əsaslandırırlar.

Nəticə etibarilə, erkən kəsim problemi təkcə təsərrüfatların deyil, bütövlükdə kənd təsərrüfatı sektorunun gələcəyinə təsir edən ciddi çağırış kimi diqqət çəkir. Mütəxəssislər və aidiyyəti qurumlar tərəfindən atılan maarifləndirici addımlar isə bu problemin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Çünki bu gün alınan hər düzgün qərar, sabah ölkənin ərzaq təhlükəsizliyinə və heyvandarlığın dayanıqlı inkişafına verilən ən vacib töhfədir.

Müxbir - Elcan Məmmədov

Seçilən
7
azertag.az

1Mənbələr