AZ

Nailə İamayılova: “Məktəbin təhlükəsizliyi təkcə fiziki qorunma deyil...

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə baş verən hadisələr bütün ölkəni sarsıdıb, həm də qorxuya salıb. Müəllimlər, valideynlər, ictimaiyyət böyük narahatlıq keçirir, bu haqda müzakirələr aparırlar. Hələ bir faciənin təsiri azalmamış ikincisinin baş verməsi ictimai narahatlığı daha da artırıb.Bu cür hadisələrin qarşısını almaq üçün hansı sosial mexanizmlər gücləndirilməlidir?

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nın rəhbəri Nailə İamayılova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəblərdə psixoloji xidmətlərin rolu birmənalı şəkildə gücləndirilməlidir: “Son günlərdə Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən qanlı hadisələr cəmiyyətdə dərin sarsıntı yaradıb. Hamımıza məlumdur ki, təhsil ocaqları uşaqların təhlükəsizliyinin, inkişafının və sosiallaşmasının təmin edildiyi məkanlardır.

Müşahidələrimiz və baş verən hadisələr göstərir ki, bu məkanlar son zamanlarda gözlənilmədən zorakılıq məkanına çevriliblər. Həmçinin bir faciənin təsiri hələ azalmamış digərinin baş verməsi ictimai narahatlığı daha da artıraraq bu məsələnin sistemli problem olduğunu göstərir. Belə hadisələrə yalnız təhlükəsizlik zəifliyi kimi baxmaq düzgün yanaşma deyil. Hadisələrin gedişatından görünür ki, burada sosial, psixoloji və institusional boşluqların bir-biri ilə əlaqəli təsiri müşahidə olunur. Deməli, problemin həlli də kompleks və çoxşaxəli yanaşma tələb edir. Hər şeydən öncə məktəblərdə psixoloji xidmətlərin rolu birmənalı şəkildə gücləndirilməlidir. Şagirdlərin davranışlarında baş verən dəyişikliklər – aqressiya, təcrid olunma, emosional gərginlik çox zaman gələcək risklərin ilkin siqnalları olur. Bu siqnalları vaxtında aşkarlamaq və müdaxilə etmək üçün məktəblərdə peşəkar və aktiv fəaliyyət göstərən psixoloqların olması həyati əhəmiyyət daşıyır. Psixoloji dəstək formal xarakter daşımamalı, real və davamlı işləyən mexanizmə çevrilməlidir. Məsələyə ailə-məktəb münasibətləri kontekstindən baxsaq görərik ki, ən mühüm məsələ məhz bu əməkdaşlığın qarşılıqlı və səmimi qurulmasıdır. Çünki uşağın ilkin davranış modeli əsasən ailədə formalaşır. Valideynlərin maarifləndirilməsi, onların məktəblə sıx və davamlı əlaqədə olması, problemli halların birgə müzakirəsi bu sahədə mühüm rol oynayır. Ailədaxili münasibətlərdə baş verən zorakılıq, laqeydlik və ya emosional uzaqlıq halları uşağın psixologiyasına birbaşa təsir edir və onu risk qrupuna daxil edə bilir”.

Nailə İsmayılova qeyd edib ki, məktəblərlə hüquq-mühafizə orqanları arasında koordinasiya mexanizmi gücləndirilməlidir: “Məktəb daxilindəki sosial mühitin formalaşdırılması isə xüsusi diqqət tələb edir. Bullinq, sosial təcrid və ayrı-seçkilik kimi hallar çox vaxt daha böyük faciələrin başlanğıc nöqtəsi olur. Şagirdlər arasında empatiyanın, qarşılıqlı hörmətin və sosial məsuliyyət hissinin formalaşdırılması məqsədilə xüsusi proqramlar tətbiq edilməlidir. Məktəb yalnız bilik verən yer deyil, həm də sağlam sosial münasibətlər qurmağı öyrədən mühit hesab olunur.

Bütün bunlarla yanaşı, təhlükəsizlik infrastrukturunun müasirləşdirilməsi də tələb olunan vacib şərtlərdəndir. Məktəblərdə giriş-çıxış nəzarət sistemləri, həmçinin müşahidə kameraları və fövqəladə vəziyyət planları effektiv şəkildə qurulmalıdır. Çox təəssüf ki, bu tədbirlər daha çox nəticə ilə mübarizə xarakteri daşıyır. Baş verə biləcək risklərin yaranmasının qarşısını almaq əsas məqsəd olmalıdır.

Sosial xidmətlərin gücləndirilməsi də bu prosesin ayrılmaz hissəsidir. Belə ki, risk qrupuna daxil olan uşaqlar və ailələr sosial işçilər tərəfindən mütəmadi izlənilməli, onlara psixososial dəstək göstərilməlidir. Məktəblər, sosial xidmət qurumları və hüquq-mühafizə orqanları arasında koordinasiya mexanizmi gücləndirilməlidir. Müasir dövrdə media və rəqəmsal mühitin təsiri də nəzərdən qaçırılmamalıdır. Bəzən bizim zorakılıq hesab etmədiyimiz, lakin zorakılığı təşviq edən kontentlər, sosial şəbəkələrdə yayılan aqressiv davranış modelləri uşaqlara mənfi təsir göstərir. Məhz bu səbəbdən media savadlılığı proqramları genişləndirilməli, uşaqlara informasiyanı tənqidi şəkildə analiz etmək bacarığı aşılanmalıdır.

Hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi vacib məsələlərdəndir. Əlbəttə ki, məktəblərdə təhlükəsizlik standartları qanunvericilik səviyyəsində müəyyən edilməlidir”.

Sonda Nailə İsmayılova əlavə edib: “Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən hadisələr bir daha göstərdi ki, məktəb təhlükəsizliyi yalnız fiziki qoruma məsələsi deyil, həm də cəmiyyətin bütün təbəqələrini əhatə edən kompleks sosial məsələdir. Bu tipli problemlərin həlli üçün preventiv yanaşma əsas götürülməli və uşaqların təhlükəsiz, sağlam mühitdə böyüməsi üçün bütün sosial mexanizmlər koordinasiyalı şəkildə işlənməlidir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr