AZ

Papa və Tramp necə rəqib oldular?

Yazını böyüt
Yazını kiçilt

Papa XIV Leo, ABŞ prezidenti Donald Trampa, xüsusən də İranla müharibəni tənqid etməsinə qarşı çıxan ən məşhur şəxslərdən biridir. “Wall Street Journal” qəzetinin təhlilində Papa Robert Francis Prevostun "Trampın ən sərt rəqiblərindən birinə" çevrildiyi vurğulanır.

Hafta.az yazır ki, təhlildə XIV Leonun sələfi Papa Francislə müqayisədə daha "mütəşəkkil" şəkildə hərəkət etdiyi, Qəzza və Ukraynadan İrana qədər müharibələrə son qoymaq çağırışlarının əhəmiyyətli dərəcədə dəstək qazandığı bildirilir.

Romada yerləşən Appia İnstitutunun beyin mərkəzinin direktoru Francesco Sisci deyir: "Leo sistemli və metodikdir, pərdə arxasında fəal şəkildə işləyir. O, danışanda prosesin kulminasiya nöqtəsini görürsən. Francis rok ulduzu, Leo isə orkestr dirijorudur".

Papanın populyarlığı da Trampın populyarlığını üstələyib. Martda keçirilən NBC sorğusuna görə, qeydiyyatdan keçmiş seçicilər arasında Papanın xalis müsbət təsdiq reytinqi 34 bal, Trampın isə 12 bal olub.

Trampın immiqrant əleyhinə mövqeyini tənqid edən Çikaqoda anadan olmuş Papa, yanvarda ABŞ-ın Venesuelaya basqını və Nikolas Maduronun qaçırılmasına da reaksiya verib.

11 apreldə Pakistanda ABŞ-İran danışıqları zamanı Papa XIV Leonun Vatikanda verdiyi "Özünə və pula ibadət etməyin bəsdir. Güc nümayişin bəsdir. Müharibə bəsdir. Əsl güc həyata xidmət etməkdə özünü göstərir" açıqlaması diqqət çəkib.

13 apreldə Tramp sosial mediada Papa XIV Leonun "cinayətkarlıq və nüvə silahları məsələsində zəif" və "xarici siyasətdə dəhşətli" olduğunu yazaraq ajiotaj yaratdı və daha sonra sosial mediada özünü İsa kimi təqdim etdiyi təəssüratını yaradan bir şəkil paylaşıb.

ABŞ prezidenti daha sonra Papa haqqında dedi: "O, İranda nə baş verdiyini bilmir, müharibədən danışmamalıdır".

WSJ təhlilində deyilir ki, "Napoleondan bəri heç bir siyasi lider Prezident Tramp qədər Papaya açıq şəkildə qarşı çıxmayıb".

Respublikaçı lider daha sonra özünü İsa kimi təqdim etdiyi təəssüratını yaradan paylaşımını silsə də, ABŞ prezidenti ilə yaxın əlaqələri ilə tanınan İtaliya Baş naziri Giorgia Meloni Trampın sözlərini "qəbuledilməz" adlandırıb.

13 apreldə Əlcəzairə səyahət edərkən təyyarədə jurnalistlərə "Mən Tramp administrasiyasından qorxmuram" deyən katolik dünyasının mənəvi lideri bu gün Afrika turunun ikinci mərhələsi çərçivəsində Kamerun prezidenti Paul Biya ilə görüşündə sülh çağırışını təkrarlayıb.

Zorakılığa və müharibəyə son qoyulmalı olduğunu vurğulayan Papa sözünə davam edib: “Sülhün və ədalətin zəfər çalması üçün hakimiyyətin etibarlılığını pozan və sarsıdan korrupsiya zəncirləri qırılmalıdır. Qəlblər mənfəət ehtirası kimi bütpərəst ehtirasdan təmizlənməlidir”.

Seçilən
16
hafta.az

1Mənbələr