AZ

Ekspert: Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirir

Bakı, 17 aprel, AZƏRTAC

2021-ci ildən fəaliyyətə başlayan Antalya Diplomatiya Forumu qısa müddət ərzində ciddi nüfuz qazanıb. Qlobal və regional problemlərin müzakirə olunduğu, dialoq və əməkdaşlığın təşviq edildiyi Antalya Forumu Şərqlə Qərb arasında körpü rolunu oynayan regionumuzun geosiyasi mövqeyini simvolizə edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, sayca 5-ci olan builki Forum öz formatı və mövzuları ilə diqqət çəkir. 150-dən çox ölkədən 22-yə yaxın dövlət və hökumət başçısının, 50-dən çox nazirin, 79 beynəlxalq təşkilat və akademik mərkəzlərin təmsilçilərinin dəvət aldığı tədbirdə qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri, regional inkişaf problemləri müzakirə ediləcək. Siyasi, iqtisadi, ekoloji və texnoloji mövzularda həll yolları araşdırılacaq.

“Sabahın xəritəsinin qurulması, qeyri-müəyyənliklərin idarə edilməsi” devizi ilə keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyevin iştirak etməsi ciddi əhəmiyyət daşıyır.

"Mövcud münaqişələri həll etmək, sülhə nail olmaq, münaqişəni bitirdikdən sonra ərazidə sürətli abadlıq və quruculuq proseslərini həyata keçirmək bacarıqlarına malik olan Azərbaycan Prezidenti özünün təcrübəsi ilə Forumun işinə töhfələr verir. Mövcud geosiyasi gərginliklər, dəyişən güc balansı, qlobal ticarət problemləri fonunda həll yolları tapmaq üçün Azərbaycanın təcrübəsi zəruri nümunədir.

Bu baxımdan Prezident İlham Əliyevin Forumda iştirakı həm Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyəsini, həm də Azərbaycanın beynəlxalq arenada artan rolunu əks etdirir.

Ekspertin sözlərinə görə, Azərbaycan dövlət başçısının regional sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində praktiki baxımdan həyata keçirdiyi siyasət Antaliya Forumda nəzəri müstəvidə müzakirəyə çıxarılan mövzulara uzlaşır. Bu mənada 5-ci Antalya Diplomatiya Forumu Azərbaycanın öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırması baxımından yeni imkanlar yaradır.

Seçilən
2
azertag.az

1Mənbələr