“İnteraktiv ingilis dili dərsləri” qrant layihəsi çərçivəsində 5–7-ci sinif şagirdlərinin dil bacarıqlarının inkişafına yönəlmiş təlimlər həyata keçirilib.
Layihə çərçivəsində 20 nəfər şagirdin iştirakı ilə ingilis dili dərsləri təşkil olunub. Təlimlər müasir və şagirdyönlü yanaşma əsasında, Duolingo tətbiqindən istifadə etməklə interaktiv formada keçirilib. Bu metodika şagirdlərin dərs prosesində aktiv iştirakını təmin edib və öyrənməni daha praktik və maraqlı edib.
Tədris prosesinin əvvəlində şagirdlərin bilik səviyyəsini müəyyən etmək üçün ilkin diaqnostik qiymətləndirmə aparılıb. Təlimlərin sonunda isə onların inkişaf dinamikasını ölçmək məqsədilə yekun diaqnostik qiymətləndirmə həyata keçirilib.
Layihənin növbəti mərhələsində layihənin bağlanış tədbirinin təşkili planlaşdırılır.
Nəzərinizə çatdıraq ki, layihə şagirdlərin dinləmə, söz ehtiyatı və kommunikativ bacarıqlarını gücləndirməklə yanaşı, onların dil öyrənməyə marağını artırmağı və müstəqil öyrənmə vərdişlərini formalaşdırmağı hədəfləyir.
Qeyd edək ki, layihə Cəlil Rəcəbov tərəfindən Masallı rayonu Boradigah qəsəbə İnqilab Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.









