Bakı, 16 aprel, AZƏRTAC
Beynəlxalq Diabet Federasiyası onilliklər boyu alimlər arasında mübahisələrə səbəb olan diabetin beşinci tipinin mövcudluğunu rəsmi şəkildə tanıyıb və Ümumdünya Səhiyyə Təşkilatını onu xəstəliklərin beynəlxalq təsnifatına daxil etməyə çağırıb. Söhbət qida çatışmazlığı fonunda yaranan diabet növündən gedir.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin qiymətləndirmələrinə görə, bu xəstəlik əsasən xroniki qida çatışmazlığının geniş yayıldığı Asiya və Afrika ölkələrində olmaqla 25 milyonadək insanı əhatə edə bilər.
Bu xəstəlik növü ilk dəfə 1955-ci ildə təsvir edilib, lakin sonradan faktiki olaraq unudulub. XX əsrin sonlarında Ümumdünya Səhiyyə Təşkilatı məlumatların çatışmazlığı səbəbindən onu təsnifatdan çıxarıb və o vaxtdan bəri alimlər arasında onun xəstəliyin ayrıca forması kimi mövcud olub-olmaması barədə vahid fikir formalaşmayıb. İndi isə toplanmış tədqiqatlar bu məsələyə yenidən qayıtmağa imkan verib.
“Diabetin konkret tipinin müəyyən edilməsi düzgün müalicənin seçilməsi üçün son dərəcə vacibdir”, – deyə Ekseter Universitetinin tədqiqatçısı Kreyq Bil söyləyib.
Daha çox tanınan formalardan fərqli olaraq, diabetin beşinci tipi autoimmun proseslər və ya həyat tərzi ilə deyil, uzunmüddətli qida maddələri çatışmazlığı fonunda inkişaf edir. Belə pasiyentlərdə mədəaltı vəzinin fəaliyyəti pozulur, belə ki, vəz kifayət qədər insulin istehsal etmir, lakin insulinə həssaslıq saxlanılır.
Məhz buna görə bu xəstəlik çox vaxt birinci və ya ikinci tiplə səhv salınaraq düzgün diaqnoz qoyulmur. Nəticədə pasiyentlər standart müalicə alır ki, bu halda da müalicə nəinki təsir göstərməyə bilər, hətta təhlükəli ola bilər.
“Bu xəstəlik vərəmdən daha geniş yayılıb və demək olar ki, HİV qədər tez-tez rast gəlinir, lakin rəsmi adının olmaması onun diaqnostika və müalicəsinə mane olurdu”, – deyə Albert Eynşteyn adına Tibb Kollecinin endokrinoloqu Meredit Hokins bildirib.
Son tədqiqatların nəticələrinə görə, xroniki qidalanma çatışmazlığı mədəaltı vəzinin inkişafını poza və məlum diabet tiplərinin heç biri ilə üst-üstə düşməyən xüsusi metabolik profil formalaşdıra bilər.
Ekspertlər qeyd edirlər ki, xəstəliyin yeni tipinin tanınması diaqnostika və müalicə üzrə ayrıca tövsiyələrin hazırlanmasına, həmçinin uzun müddət lazımi diqqət yetirilməyən problemin diqqət mərkəzinə gətirilməsinə imkan verəcək.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, bu istiqamətdə işlər hələ indi başlanır: diaqnozun qoyulması meyarlarının dəqiqləşdirilməsi və xüsusilə tibbi yardımın əlçatan olması məhdud olan regionlar üçün təhlükəsiz müalicə sxemlərinin seçilməsi zəruridir.