AZ

Regionların uzunmüddətli sosial-iqtisadi inkişafı bu amildən asılıdır – ŞƏRH

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır.

Keçən əsrin 90-cı illərinin ortalarından başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.

1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi  dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi son illər dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. İnfrastruktur layihələrinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlığın stimullaşdırılması və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar bölgələrin iqtisadi potensialının üzə çıxarılmasına xidmət edir. Bununla belə, bəzi regionlarda hələ də mövcud olan problemlər inkişaf tempinin qeyri-bərabərliyini gündəmdə saxlayır.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, regionların inkişafı yalnız mərkəzləşdirilmiş dövlət proqramları ilə deyil, həm də yerli təşəbbüslərin və özəl sektorun fəallığı ilə təmin olunmalıdır.

Bələdiyyələr

Onun sözlərinə görə, bölgələrdə iqtisadi aktivliyin artırılması üçün ilk növbədə infrastruktur təminatı tam şəkildə qurulmalı, logistika imkanları genişləndirilməlidir:

“Regionların sosial-iqtisadi inkişafı üçün əsas şərtlərdən biri əlçatan və keyfiyyətli infrastrukturun mövcudluğudur. Yolların, enerji təminatının, su və kommunikasiya xətlərinin yaxşılaşdırılması investorların bölgələrə marağını artırır. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün güzəştli kreditlər və vergi təşviqləri daha da genişləndirilməlidir”.

Ekspert vurğulayıb ki, regionlarda məşğulluğun artırılması üçün yerli resurslara əsaslanan istehsal sahələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, kənd təsərrüfatı, aqrar emal sənayesi və turizm sektoru bu baxımdan ən perspektivli istiqamətlərdir:

“Əgər hər bir region öz spesifik iqtisadi üstünlüklərinə uyğun inkişaf strategiyası qurarsa, həm daxili bazarın təminatı güclənər, həm də ixrac potensialı artar. Bu isə ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlığını təmin edən əsas faktorlardan biridir”.

Asif İbrahimov əlavə edib ki, regionlarda təhsil və peşə hazırlığı sahəsində də islahatlar aparılmalıdır. Onun sözlərinə görə, əmək bazarının tələblərinə uyğun ixtisasların tədrisi gənclərin iş tapmaq imkanlarını genişləndirəcək və miqrasiyanın qarşısını qismən alacaq.

İqtisadçı hesab edir ki, rəqəmsallaşma və innovasiyaların regionlara inteqrasiyası da inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Elektron xidmətlərin genişləndirilməsi, startap ekosisteminin bölgələrdə dəstəklənməsi və texnoloji infrastrukturun qurulması iqtisadi aktivliyi artıran əsas amillərdəndir.

Nəticə etibarilə, regionların sosial-iqtisadi inkişafı kompleks yanaşma tələb edir və bu istiqamətdə atılan addımların davamlı olması vacibdir. Dövlət və özəl sektorun əməkdaşlığı, yerli resursların səmərəli istifadəsi və insan kapitalına yönəlik investisiyalar bölgələrin uzunmüddətli inkişafının əsasını təşkil edir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Seçilən
16
1
konkret.az

2Mənbələr