Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” yeni qanunu təsdiqləyib. Qanuna əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.
Hüquqşünas Ayxan Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, yeni qanun ölkədə uşaqların müdafiəsi və sosial rifahının gücləndirilməsi istiqamətində atılmış mühüm hüquqi islahatdır:
"Qanunun əsas məqsədi uşaq hüquqlarının daha sistemli şəkildə qorunmasını təmin etmək, dövlət orqanları arasında koordinasiyanı gücləndirmək və müasir dövrün çağırışlarına uyğun yeni hüquqi mexanizmlər formalaşdırmaqdır. Yeni qanunda nəzərdə tutulan əsas yeniliklərdən biri uşaq hüquqlarının həyata keçirilməsinə dair xüsusi məlumat bankının yaradılmasıdır. Bu sistem vasitəsilə uşaqlarla bağlı sosial, hüquqi və müdafiə xarakterli məlumatların vahid platformada toplanması planlaşdırılır. Bu yanaşma xüsusilə risk qrupuna daxil olan, zorakılığa məruz qalma ehtimalı olan və ya sosial müdafiəyə ehtiyacı olan uşaqların daha tez aşkarlanmasına və onlara operativ yardım göstərilməsinə imkan yarada bilər. Eyni zamanda, bu mexanizm dövlət qurumları arasında məlumat mübadiləsini daha çevik və effektiv edə bilər".

Müsahibimizin fikrincə, qanunun diqqətçəkən digər mühüm müddəası uşaqların şəxsi həyatının toxunulmazlığının gücləndirilməsidir:
"Müəyyən olunmuş istisnalar xaricində uşaqların izlənilməsi, foto və video çəkilişi, səs yazısı aparılması və digər oxşar fəaliyyətlər qadağan edilir. Bu norma uşaqların xüsusilə rəqəmsal mühitdə və ictimai məkanlarda potensial istismardan, təzyiqdən və təhlükəli hallardan qorunmasına yönəlib. Müasir dövrdə sosial şəbəkələrdə uşaqların məlumatlarının icazəsiz yayılması kimi risklər artdığı üçün bu müddəa xüsusi əhəmiyyət daşıyır. Bununla belə, qanunun icrası zamanı bəzi praktiki məsələlər də diqqət tələb edir. İlk növbədə, “istisna hallar” anlayışının hüquqi baxımdan dəqiq müəyyənləşdirilməsi vacibdir. Əks halda, bu müddəa müxtəlif interpretasiyalara yol aça bilər. Eyni zamanda məlumat bankında toplanan həssas informasiyanın təhlükəsizliyi xüsusi önəm daşıyır və bu sahədə güclü kibertəhlükəsizlik tədbirlərinə ehtiyac olacaq. Şəxsi məlumatların qorunması, icazəsiz girişlərin qarşısının alınması və məlumatlardan sui-istifadənin istisna edilməsi əsas prioritetlərdən biri olmalıdır".
Hüquqşünasının sözlərinə görə, qanunun tətbiqi media mühitinə də müəyyən təsir göstərə bilər.
"Jurnalistlər və media qurumları uşaqlarla bağlı materialların hazırlanması zamanı daha ehtiyatlı və məsuliyyətli davranmalı olacaqlar. Bu, uşaqların qorunmasına xidmət etsə də, bəzi hallarda ictimai maraq daşıyan məlumatların yayılmasını məhdudlaşdıra bilər. Buna görə də şəxsi həyatın qorunması ilə ictimai maraq arasında balansın düzgün qurulması mühüm məsələ kimi ortaya çıxır. Eyni zamanda məktəblər, sosial xidmət orqanları, hüquq-mühafizə strukturları və digər aidiyyəti qurumlar qanunun icrasında aktiv rol oynayacaqlar. Bu sistemin effektiv işləməsi üçün həm institusional hazırlıq, həm də kadrların peşəkar təlimi vacibdir. İctimai maarifləndirmə tədbirləri də qanunun düzgün anlaşılması və tətbiqi baxımından əhəmiyyətli rol oynaya bilər. “Uşaq hüquqları haqqında” yeni qanun uşaqların müdafiəsi sahəsində müasir yanaşmanı gücləndirən, onların hüquqlarını daha sistemli şəkildə qorumağa yönəlmiş vacib bir addımdır. Lakin onun real effektivliyi qanunun icra mexanizmlərindən, nəzarət sistemlərindən və praktik tətbiq keyfiyyətindən birbaşa asılı olacaq", - deyə Ayxan Məmmədli əlavə etdi.
Aytəkin TOFİQQIZI