AZ

Saakaşvili Ukraynadakı gürcü zabitlərdən yazdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Ukraynada döyüşən gürcü zabitlə bağlı diqqətçəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Giorgi Qufaraşvili ölkənin ən tanınmış hərbi birləşmələrindən olan 3-cü Ordu Korpusunun (“Azov”) mexanikləşdirilmiş alayının komandiri təyin olunub.

Saakaşvili qeyd edib ki, Qufaraşvili vaxtilə onun şəxsi mühafizəçisi olub və prezidentlikdən sonra ABŞ-a gedərkən bir müddət Nyu-Yorkda onunla birlikdə çalışıb. Daha sonra isə Ukraynaya gedərək hərbi xidmətə qoşulub.

Onun sözlərinə görə, Qufaraşvili “Azov” birləşməsinin yaradılmasının təşəbbüskarlarından biri olub və bu strukturda hərbçilərin hazırlığına rəhbərlik edib. Mariupol mühasirəsi zamanı “Azovstal” zavodunda ağır yaralanıb və helikopterlə Kiyevə təxliyə edilib. Sağaldıqdan sonra yenidən xidmətə qayıdıb, polkovnik rütbəsi alıb və mühüm alay komandiri təyin olunub.

Saakaşvili Qufaraşvilini xaricdə fəaliyyət göstərən gürcü zabitlərin layiqli davamçısı kimi təqdim edib. Bu sıraya o, Polşada döyüşən gürcü hərbçiləri - General Amilaxvarini, ABŞ-da xidmət etmiş general Şalikaşvilini də daxil edib.

O bildirib ki, gürcülər müxtəlif ölkələrdə – Polşada, İspaniyada, ABŞ-da və indi də Ukraynada döyüşürlər, çünki bunu Gürcüstanın azadlığı uğrunda mübarizənin bir hissəsi hesab edirlər.

Saakaşvili həmçinin qeyd edib ki, onun digər mühafizəçisi və yaxın dostu Kaxa Tilidze Zaporojye istiqamətində döyüşlərdə həlak olub.

Paylaşımda həmçinin Vano Nadiradze və digər gürcü hərbçilərin fəaliyyəti qeyd edilib. Saakaşvili əlavə edib ki, bu zabitlərin də rolu nəticəsində Ukrayna ordusu, xüsusilə 2022-ci ildə Xarkov əməliyyatından sonra, yenidən cəbhədə strateji üstünlük qazanmağa başlayıb.

O, bu kontekstdə Ukraynanın müdafiə naziri vəzifəsinə təyin olunan Mixail Fyodorovun adını da çəkib və onun müşaviri kimi Qoqа Tsxakayanın fəaliyyətini qeyd edib.

Saakaşvili paylaşımını “Slava Ukraini!” ifadəsi ilə yekunlaşdırıb.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr