Fransanın TotalEnergies şirkəti neft qiymətlərinin İran müharibəsi səbəbindən yüksəlməsi fonunda hasilat və satışların artımı hesabına birinci rüb üzrə mənfəətin artacağını gözləyir. Şirkət hesab edir ki, Yaxın Şərqdəki vəziyyət ümumi istehsalın 15%-nin dayanmasına səbəb olsa da, rüblük göstəricilərə ciddi təsir göstərməyəcək. Bu barədə Bloomberg-in istinad etdiyi şirkət hesabatında deyilir.
TotalEnergies-in qiymətləndirməsinə görə, birinci rübdə Avropada neft emalı marjası bir barel üçün 11,4 dollar təşkil edəcək. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 192% çoxdur və 2025-ci ilin sonlarında verilən proqnozlara uyğundur. Şirkət bildirir ki, Yaxın Şərqdə gündəlik təxminən 100 min barel neft ekvivalentində hasilatı itirib. Lakin digər regionlarda əlavə hasilat ümumi istehsalın 2025-ci ilin dördüncü rübü səviyyəsində saxlanmasına imkan verib.
Şirkətin açıqlamasına görə, bazar volatilliyi şəraitində aktiv ticarət də gəlirlərin artmasına səbəb olub. Mayeləşdirilmiş təbii qazdan əldə olunan gəlirlər yüksəlib və onun istehsalı 10% artıb.
TotalEnergies birinci rüb üzrə maliyyə nəticələrini 29 aprel tarixində açıqlayacaq.