"Bitkilər insan orqanizminə və psixologiyasına müsbət təsir göstərir. Onlara qulluq etmək insanda motivasiya yaradır; insan bitkinin böyüməsini, çiçəklənməsini gördükcə məmnunluq hissi keçirir. Bu proses insanın gündəlik həyatına müəyyən ritm və sabitlik qazandırır, eyni zamanda diqqəti xırda, lakin xoş detallara yönəldərək daxili rahatlıq yaradır. Bitkilərlə təmas təbiətə yaxınlıq hissini gücləndirir, bu isə psixoloji gərginliyin azalmasına və emosional balansın qorunmasına kömək edir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu təsirin daha da güclü hiss olunması xüsusilə stress və ya depressiya yaşayan insanlarda müşahidə edilə bilər: "Bitkilərə qulluq zamanı insan diqqətini neqativ düşüncələrdən uzaqlaşdırır, canlı bir varlığın inkişafına töhfə verdiyini hiss edir. Bu isə özünəinamın artmasına və faydalı olduğunu düşünmək hissinin formalaşmasına səbəb olur. Eyni zamanda, yaşıl mühitdə olmaq beynin rahatlamasına, yorğunluğun azalmasına və ümumi əhval-ruhiyyənin yaxşılaşmasına müsbət təsir göstərir.
Lakin bu məsələ hər kəs üçün eyni deyil. Gündəlik həyatı çox gərgin olan, iş və ailə qayğıları çox olan insanlar üçün bitkilərə qulluq bəzən əlavə yük kimi hiss oluna bilər. Bitkilərin suvarılması, işıqlandırılması və ümumi qayğısı müəyyən vaxt və diqqət tələb edir. Vaxt və enerji çatışmazlığı olduqda bu, hətta insanda narahatlıq və ya məsuliyyət hissinin artmasına səbəb ola bilər. Bəzi hallarda isə bitkinin solması və ya quruması insanda uğursuzluq hissi yarada bilər ki, bu da psixoloji baxımdan mənfi təsir göstərə bilər.
Bununla yanaşı, insanların xarakteri və maraqları da burada mühüm rol oynayır. Səbirli və təbiətlə ünsiyyəti sevən insanlar üçün bitkilərə qulluq etmək daha çox zövq və rahatlıq mənbəyi olduğu halda, bu sahəyə marağı olmayan insanlar üçün eyni fəaliyyət yorucu və mənasız görünə bilər. Hətta bəziləri üçün bu, gündəlik öhdəliklərin artması kimi qəbul edilə bilər.
Bu baxımdan, bitkilərin insan psixologiyasına təsiri daha çox fərdin marağından, həyat tərzindən və psixoloji vəziyyətindən asılıdır. Əgər insan bitkilərə qulluq etməyi sevir və bunu könüllü şəkildə edirsə, bu məşğuliyyət onun həyat keyfiyyətini yüksəldir, emosional rahatlıq və məmnunluq yaradır. Əks halda isə, bu fəaliyyət əlavə stress mənbəyinə çevrilə və gözlənilən müsbət təsiri verməyə bilər".