AZ

Türkiyədə ard arda məktəb hücumları təsadüfdür? AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Dünən Kahramanmaraşın Onikişubat rayonunda yerləşən orta məktəblərdən birində 14 yaşlı 8-ci sinif şagirdi İsa Aras məktəbə 5 tapança və çoxlu sayda sursatla daxil olaraq sinif otaqlarında atəş açıb. Silahlı hücum nəticəsində 8 şagird və 1 müəllim həyatını itirib, daha 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı aparılan istintaq çərçivəsində əvvəlcə onun polis rəisi olan atası nəzarətə alınıb, daha sonra isə müəllim işləyən anası ifadə vermək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, məktəbdə silaha əl atılması və ondan istifadə edilməsi birmənalı şəkildə kəskin qanun pozuntusudur:“Bu cür əməllərdə iştirak edən şəxslər yaşından, şəxsiyyətindən və cinsiyyətindən asılı olmayaraq sərt şəkildə cəzalandırılmalıdır. Bu məsələnin siyasi-hüquqi tərəfidir və mənəvi-hüquqi, normativ tənzimləmənin əsas tərkib hissələrindən biridir. Məsələnin ictimai tərəfinə və ictimai təhlükə yaradan əməl kimi sosioloji təsvirinə gəldikdə isə bir neçə vacib faktora diqqət yetirilməlidir. İlk növbədə, bu silahlı hadisələrdə iştirak edən tərəflər kimlərdir? Onların əsas motivləri nədir və onları hərəkətə gətirən amillər hansılardır? Digər vacib məqam isə bu hadisələrin digər məktəblərə mümkün təsirinin necə qiymətləndirilməsidir. Aydındır ki, hər hansı bir belə hadisə müəyyən təlqin və silsilə yarada bilər. Xüsusilə cinayət hadisələri cəmiyyətdə geniş rezonans doğurur, diqqət və izləyici kütləsi toplayır. Bu isə yeniyetmələr arasında da müəyyən təsir yaradır və bəzən bu prosesin daşıyıcıları meydana çıxır. Bu tip hadisələr təkcə orta məktəblərdə deyil, universitetlərdə də baş verib. Bu baxımdan Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə də bu kontekstdə yada düşür. Belə hadisələrin birmənalı şəkildə terror kimi qiymətləndirilməsi isə düzgün deyil. Bəzi hallarda bu cür əməllər affekt vəziyyətində, yəni emosional gərginlik nəticəsində baş verə bilər. Həmçinin anlaqsızlıq və ya vəziyyətin tam dərk edilməməsi də bu proseslərə səbəb ola bilər”. O qeyd edib ki, bu baxımdan hər kəsi dərhal “terrorçu” adlandırmaq ictimai məsuliyyət baxımından doğru yanaşma deyil:“Bununla belə, silah vasitəsilə zorakılıq törədən, qətl və xəsarət yetirən şəxslər, terror motivi olmasa belə, müəyyən mənada bu yükü qismən daşıyırlar. Bu hadisələr daha çox ifrat deviant davranışın ağır cinayətlərə keçidinin bir nümunəsi kimi qiymətləndirilə bilər. Hadisələrin təkrarlanması isə müəyyən mənada Verter sindromu anlayışını xatırladır. Bu sindrom adətən int..r halları ilə əlaqələndirilsə də, burada oxşar mexanizm müşahidə olunur. Bir hadisə baş verir və digər narazı şəxslər bunu təkrarlamağa meyil göstərirlər. Narazılığın mənbəyi isə çox vaxt subyektiv olur. Məktəblərdə bu, şagirdlərarası münasibətlərdə bullinq və mobbinq formasında özünü göstərə bilər. Bəzi hallarda yeniyetmələr bu gərginliyi silah vasitəsilə ifadə etməyə çalışırlar. Azərbaycan məktəblərində də buna bənzər hadisələrin ayrı-ayrı nümunələri olub və bu hallar cəmiyyətdə ciddi narahatlıq doğurub. Digər tərəfdən, yeniyetmələrin problemlərini bu şəkildə həll etməyə çalışması qlobal informasiya mühitinin təsiri ilə də bağlıdır. Onlar internetdə müxtəlif məlumatlara çıxış əldə edir, bəzən bu təsirlər özünə qarşı aqressiyaya, bəzən isə başqalarına yönələn zorakılığa çevrilir. Burada sosial şəbəkələrin rolu da danılmazdır. Müəyyən qrupların təbliğatı, subliminal mesajlar və təşkilatlanmış təsirlər bu prosesə dolayı şəkildə təsir göstərir. Bu təsirləri birbaşa sübut etmək çətin olsa da, onların mövcudluğu ilə bağlı kifayət qədər arqumentlər var. Müəllimlər, pedaqoqlar və valideynlər bu istiqamətdə daha fəal olmalı, təşəbbüsü ələ almalıdırlar. Əks-təsir mexanizmlərinin qurulması çətin deyil, lakin bu məsələ dövlətin təhsil, ailə və sosial siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməlidir.Görünən odur ki, bu sahədə müəyyən işlər görülsə də, mövcud səviyyə yetərli deyil. Daha yüksək fəallıq, təşəbbüskarlıq və effektiv həll modellərinin tətbiqinə ciddi ehtiyac var”.Xatırladaq ki, bir neçə gün əvvəl oxşar hadisə Şanlıurfada yaşanıb.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
demokrat.az

1Mənbələr