AZ

Məşhur teleaparıcı od püskürdü: “Bu, məsuliyyətsizlikdir”

“44 il efirdə olmaq mənim üçün sadəcə peşə deyil, bu, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar deməkdir. Mən bu yolu addım-addım, davranışımla, çıxışlarımla, prinsiplərimlə qurmuşam. Heç vaxt ucuz sensasiya arxasınca qaçmamışam, heç vaxt reytinq naminə öz sözümü ucuzlaşdırmamışam”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış teleaparıcı, Əməkdar artist Nailə İslamzadə bildirib.

O söyləyib ki, bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ortaya qoyur:

“Amma, təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı tərəfdə görmək olmur. Yenə tələsik alınan bir müsahibə, yenə razılaşdırılmadan seçilən başlıq, yenə mənə aid olmayan ifadələr… “Şişmə dodaqla aparıcılıq olmur” “Nailə İslamzadədən tikanlı sözlər” bu ifadəni jurnalist özü işlədib, mən isə özümə yaraşan formada cavab vermişəm. Amma, oxucuya elə təqdim olunur ki, guya bu fikrin müəllifi mənəm. Qısa müsahibədə bir neçə yerdə fikirlərim doğru çatdırılmayıb. Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir?

Bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ifadə edir. Elə buna görə də başqasının sözünü dəyişmək, ona aid olmayan fikri onun adına yazmaq yolverilməzdir. Bu, sadəcə mətni yox, insanın özünü təhrif etməkdir. Bu, sadəcə yanlış deyil, bu, məsuliyyətsizlikdir”.

Teleaparıcı ucuz reytinq dalınca qaçan verilişləri və medianı tənqid edib:

“Mən çoxdan müsahibələrdən qaçmağa başlamışam. Çünki bilirəm: əgər suallara cavab verib, müsahibəni özüm yazmasam, böyük ehtimalla yenə sözlərim təhrif olunacaq, yenə mənə yaraşmayan başlıqlar seçiləcək və nəticədə mən əsəbiləşəcəyəm. Bu, normal deyil. Jurnalistin işi müsahibini təhrif etmək yox, onu olduğu kimi təqdim etməkdir.

Paradoks ondadır ki, ucuz reytinq dalınca qaçan verilişlər tənqid olunur, amma, eyni yanaşma çox vaxt yazılı mediada da tətbiq edilir. Sual verirəm: bu nə dərəcədə doğrudur? Oxucunun diqqətini çəkmək üçün hər vasitə məqbuldurmu? Bəs peşə etikası, bəs sözün çəkisi?

Mən yaxşı bilirəm ki, bu sözlərim hər kəsə aid deyil. Həqiqətən sanballı, savadlı, sözə hörmət edən jurnalistlərimiz var və onlar özlərini tanıyırlar. Mənim iradım məhz məsuliyyətsiz yanaşmaya, ucuz effekt xatirinə həqiqətin dəyişdirilməsinədir.

Bu səbəbdən açıq şəkildə bildirmək istəyirəm: əgər mənim sözümə, fikrimə, adımı daşıyan müsahibəyə hörmət olunmayacaqsa, bundan sonra mənimlə müsahibə almaq üçün müraciət edilməsin. Çünki, söz mənim üçün sadəcə cümlə deyil, bu, mənim illərlə qoruduğum dəyərdir”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
18
5
yenisabah.az

7Mənbələr