AZ

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

Ankara, 15 aprel, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda orta məktəbə silahlı hücum mövzusunun polemika predmetinə və siyasi reytinqlərin artırılması alətinə çevrilməməsinə çağırıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə dövlət başçısının sosial şəbəkələrdəki paylaşımında insanların çəkdiyi əzabların və faciəvi hadisələrin siyasi polemika mövzusuna çevrilməsinə imkan verilməməsi vurğulanıb.

“Kahramanmaraşda baş vermiş silahlı hücum nəticəsində zərər çəkmiş uşaqlar başda olmaqla, bütün həmvətənlərimizə, pedaqoji ictimaiyyətə və yas içində olan ailələrə səmimi başsağlığı verirəm. Bu hadisə bütün Türkiyəni dərindən kədərləndirib”, – deyə paylaşımda bildirilib.

Türkiyə lideri əlavə edib ki, prokurorluq orqanları və təhsil üzrə müfəttişlər faciəni diqqətlə araşdırırlar: “Hadisə bütün aspektləri ilə mütləq araşdırılacaq. Hökumət üzvləri zərərçəkənlərin yaxınlarının dərdini bölüşmək, kömək göstərmək və prosesi şəxsən nəzarətdə saxlamaq üçün Kahramanmaraşdadırlar”.

Türkiyə Prezidenti ölkə sakinlərini yalan xəbərlərə inanmamağa və yalnız dövlət qurumlarının açıqlamalarını nəzərə almağa çağırıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
19
1
azertag.az

2Mənbələr