Xəbər verdiyimiz kimi, ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamağa razılaşıblar.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, hazırda İsrail və Livan arasında gedən qarşıdurma rəsmi olaraq İsrail-"Hizbullah" münaqişəsi kimi təqdim edilir. Onun sözlərinə görə, "Hizbullah"ın Livandakı mövqeyi bu məsələni daha geniş müstəviyə çıxarır:
""Hizbullah" bu gün Livanda həm silahlı qüvvələri, həm də parlamentdəki təmsilçiliyi ilə real güc mərkəzidir və bir çox hallarda ordunu belə əvəz edir. Livanın cənubunda yaşayış məntəqələrinin dağılması və bir milyondan çox insanın köçürülməsi ilə nəticələnən bu savaşın dayandırılması ən zəruri addım olsa da İsrailin "Hizbullah"ın tamamilə ləğv edilməsi ilə bağlı tələbi vəziyyəti mürəkkəbləşdirir".
Müsahibimiz əlavə etdi ki, "Hizbullah"ın sıradan çıxarılması asan məsələ deyil:
"Çünki təşkilatın həm hökumət üzərində, həm də əhali arasında ciddi nüfuzu var. Digər tərəfdən, onun ləğvi Livanın müdafiəsiz qalması kimi qəbul edilir. Rəsmi dövlət qurumlarının və ordunun müəyyən səlahiyyətləri olsa da, "Hizbullah"ın gücü danışıqlar masasında əsas maneədir. Livan hökuməti bu şərtə razılaşsa belə, onun icrası olduqca çətindir. Bu səbəbdən danışıqların yaxın gələcəkdə qəti və müsbət nəticə verəcəyi ehtimalı aşağı görünür".
Ə.Mustafanın fikrincə, bu proses ABŞ, İsrail və İran arasındakı qlobal qarşıdurmanın bir hissəsidir:
"Hazırda müəyyən bir atəşkəs müşahidə edilsə də, tərəflərin ciddi hazırlıq içində olması bu məsələlərin bir-biri ilə sıx bağlı olduğunu göstərir. İsrail-Livan danışıqlarını İsrail-Amerika-İran münasibətləri qovşağından ayrı təsəvvür etmək mümkün deyil. İranın hər fürsətdə "Hizbullah"ı və Livanı müdafiə etməsi də göstərir ki, bu münaqişə ya ümumi bir paket halında həll olunacaq, ya da gərginlik davam edəcəkdir".
Xədicə BAXIŞLI