AZ

Səbinə Salmanova: Müasir məktəblər gənclərin inkişafı üçündür

Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradılıb. Müasir məktəblər, innovativ tədris metodları, beynəlxalq təcrübəyə əsaslanan proqramlar gənclərin hərtərəfli inkişafına xidmət edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıtda abituriyentlər üçün keçirilən "Uğura doğru bir addım" adlı tədbirdə deyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar təşəbbüslər, xüsusilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafına yönəlmiş layihələr gənclərin daha keyfiyyətli təhsil almasına geniş imkanlar yaradır:

"Uğura gedən yol heç vaxt asan olmur. Bu yol zəhmət, səbir, intizam və ən əsası özünə inam tələb edir. Əziz abituriyentlərimiz, bəzən yorula, çətinliklərlə qarşılaşa bilərsiniz. Lakin unutmayın ki, hər bir çətinlik sizi daha da gücləndirir, məqsədinizə bir addım da yaxınlaşdırır. Əsas odur ki, heç vaxt geri çəkilməyəsiniz, ruhdan düşməyəsiniz. Çünki uğuru yalnız sona qədər mübarizə aparanlar əldə edir".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Zaur Şükürov isə abituriyentlərə müraciət edərək bildirib ki, qarşıda duran imtahan mərhələsi onların həyatında mühüm dönüş nöqtəsidir. Onun sözlərinə görə, uğur əldə etmək istəyən hər bir abituriyent vaxtını düzgün planlaşdırmalı, gündəlik hazırlıq rejiminə ciddi yanaşmalı və qarşıya qoyduğu hədəflərə addım-addım irəliləməlidir.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında şəhərdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, xüsusilə gənclərin inkişafına yönəlmiş tədbirlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə Sumqayıt şəhərində son illər ərzində təhsil infrastrukturunun gücləndirilməsi, yeni məktəblərin tikintisi və mövcud təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev çıxışında şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin uğurlarından da bəhs edib. O qeyd edib ki, Sumqayıt şəhərində məktəblərin fəaliyyəti ildən-ilə daha da təkmilləşir, tədrisin keyfiyyəti yüksəlir və bu da öz növbəsində şagirdlərin hər il yüksək nəticələr göstərməsində öz əksini tapır.

Çıxışlardan sonra mütəxəssislərin iştirakı ilə seminarlar təşkil olunub. Seminar çərçivəsində imtahan həyəcanı, psixoloji gərginlik, düzgün planlama və motivasiyanın qorunması kimi hər bir abituriyent üçün vacib olan mövzular ətrafında geniş müzakirələr aparılıb.

Seçilən
31
far.az

1Mənbələr