AZ

Aİ nin Ermənistana göndərdiyi missiya nə işlə məşğul olacaq? Əsas məqsədləri açıqlanıb

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Avropa İttifaqına üzv ölkələrin səfirləri Brüsseldə keçirilən toplantıda Ermənistana yeni mülki missiya göndərilməsi ilə bağlı qərarı qəbul ediblər.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, qərarın gələn həftə Aİ xarici işlər nazirlərinin iclasında yekun təsdiqi gözlənilir. Yeni missiyanın iki il müddətinə fəaliyyət göstərməsi planlaşdırılır.

Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin təqdim etdiyi sənədə əsasən, yeni missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını artırmağa yönələcək və bu məqsədlə dövlət qurumlarına strateji və praktiki dəstək verəcək. Bununla yanaşı, Ermənistanın təhlükəsizlik sektorunda institusional imkanlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi də prioritetlər sırasındadır.

Sənəddə diqqət çəkən məqamlardan biri isə qarşıdakı siyasi proseslərlə bağlıdır. Belə ki, Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri, ardınca yerli özünüidarəetmə seçkiləri və mümkün konstitusiya referendumu ölkənin daxili sabitliyi və regiondakı ümumi vəziyyət baxımından “kritik test” kimi qiymətləndirilir.

Qeyd olunur ki, yeni missiyanın əsas məqsədlərindən biri də Rusiyanın bölgədəki “destabilləşdirici fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaqdır”. Bu isə Aİ-nin Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirmək niyyətindən xəbər verir.

Risklər sırasında yalnız siyasi faktorlar deyil, həm də regional təhlükəsizlik məsələləri yer alır. Xüsusilə İranla bağlı mümkün hərbi eskalasiya Ermənistan üçün ciddi çağırış kimi qiymətləndirilir. Sənəddə vurğulanır ki, Ermənistanın xarici dünya ilə əsas bağlantılarından biri məhz İran üzərindən keçir və bu xətt ölkə üçün həyati əhəmiyyət daşıyır.

Aİ ekspertləri hesab edir ki, regiondakı gərginlik Rusiyanın Ermənistan iqtisadiyyatına və enerji sektoruna təsirini daha da artıra bilər. Bundan əlavə, mümkün miqrasiya axınları, təşkilatlanmış cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyətlər də risklər sırasında göstərilir.

Ekspertlər hesab edir ki, Aİ-nin Ermənistana göndərdiyi ikiillik missiya Rusiya ilə Ermənistan arasında münasibətlərin daha da pisləşməsinə xidmət edəcək..

Eyni zamanda sənəddə Aİ strukturlarına Azərbaycanla danışıqları davam etdirmək, missiyanın məqsədlərini izah etmək və sülh prosesinə mümkün mənfi təsirlərin qarşısını almaq tapşırılıb.

Xatırladaq ki, rəsmi Bakı daha əvvəl Ermənistan ərazisində Aİ müşahidəçilərinin yerləşdirilməsini kəskin tənqid etmişdi. Nəticədə Azərbaycanla Ermənistan arasında sülh danışıqları çərçivəsində sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi ilə bağlı prinsip razılaşdırılmışdı.

Buna baxmayaraq, Brüsselin yeni addımı regiondaəlavə gərginlik riski yaradır. Prezident İlham Əliyev də əvvəlki çıxışlarında Aİ müşahidəçilərinin fəaliyyətini tənqid edərək onların bölgədəki rolunu sual altına almışdı.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
azpolitika.info

1Mənbələr