AZ

Qarajda qanlı dram - klinika direktoru arvadını bıçaqladı, ardınca güllələdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi “Referans" klinikasının Mərdəkan filialının direktoru olmuş Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, həyat yoldaşını öldürməyə cəhddə ittiham olunub.

Musavat.com xəbər ittihama görə, qanlı olay ötən ilin iyulun 16-da Yasamal rayonu ərazisində baş verib. Həmin gün Vasif Kərimov qarajda odlu silahdan həyat yoldaşı Fərqanə Kərimovaya atəş açıb. Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məhkəmə zamanı aydın olub ki, qarajda sona çatan mübahisə Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında baş verib. Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə Vasif Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri olub.

Fərqanə Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib. Vasif Kərimov arvadının bu hərəkətlərindən əsəbiləşib. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi "Toyota Prado" markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb. Vasif Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib.

Bu zaman Vasif Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib. Cütlüyün 3 övladı var. Fərqanə Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar. Müttəhim həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunub. Məhkəmədə tərəflər arasında barışıq olub, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib və 4 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Vasif Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
4
3
musavat.com

10Mənbələr